• Şb. Noy 23rd, 2024

İkiüzlü Tehran və İrəvan: Taylı tayını tapıb – ŞƏRH + FOTO

ByYenigun.news

Noy 1, 2022

Ermənistan hakimiyyəti “qapı-qapı” siyasətini həyata keçirir. Rəsmi İrəvanın iqtisadi sahədə proqramı olmadığından maliyyə vəziyyətini düzəltmək üçün telemarafonlar, ianələr, müxtəlif yardımlarla iqtisadiyyatını idarə edir.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ikitərəfli görüşlər keçirib, bu yöndə mövcud problemlərin aradan qalxmasına cəhd belə göstərmir. Üzərinə götürdüyü öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınır. Bu ölkənin rəhbərliyi 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən boyun qaçırır. Azərbaycanla münasibətlərini normallaşdırması, sülh sazişi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması istiqamətində fəaliyyət göstərməkdənsə, təxribat yolunu tutaraq güc mərkəzləri, ayrı-ayrı ölkələrdən yardım almağa və onların dəstəyinə nail olmağa cəhd göstərir. Ancaq onun səyləri heç bir nəticə vermir. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar keçirdiyi görüşlər və müzakirə olunan məsələlərdə də özünü göstərir. Onun ABŞ Senatının nümayəndələri, Avropa İttifaqının təmsilçiləri ilə görüşləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı çıxışı, oktyabrın 31-də Rusiyaya səfəri zamanı keçirdiyi görüşlərin bir hədəfi var idi: guya Ermənistan yazıq vəziyyətdədir, məzlum ermənilərə yardım etmək lazımdır. Bu, ermənilik ideologiyasının əsasını təşkil edən sıtqamaq davranışıdır. Yüz ildən artıqdır ki, onlar bu hiylə və fırıldaqla yaşayırlar.

Sentyabrın 12-13-də Azərbaycanla sərhədyanı bölgələrdə təxribat törədən Ermənistan istəyinə nail ola bilmədi. Bundan sonra KTMT-nin öz istəyinə uyğun qərar çıxarmasına cəhd göstərdi. Təşkilatın nümayəndə heyətinin regiona səfərindən də bir nəticə əldə edə bilmədi. Oktyabrın 28-də qurumun sammitində onun mövqeyi sərt ittihamlarla üzləşdi. Nikol Paşinyana, başçılıq etdiyi hökumətə təşkilat daxilində yerini göstərdilər. Azərbaycanı KTMT-də Ermənistanla heç bir dövlət əvəz etmək istəmədi. Bundan sonra Paşinyan KTMT-yə üzv ölkələrin rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu toplantıda sərt qınaqla rastlaşdı. Nəhayət başa düşdü ki, bu ölkələrin hər birinin Azərbaycanla yaxın əlaqələri var və Ermənistanın əsassız iddiaları naminə kimsə bu münasibətləri pozmaq niyyətində deyil. Bundan sonra Fransadakı lobbisinin vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışdı. Bu ölkənin Prezidenti Emmanuel Makronun və başqa rəsmilərinin saxta çıxışlarından nəticə hasil olmadı. Qərb istiqamətindən Azərbaycana edilən təzyiqlər səngidi. O, Avropadan sərhədyanı bölgəninin mülki müşahidəsi üçün 40 nəfərlıik missiyanın gəlməsini istədi. Ancaq onların apardığı monitorinq də nəticəsiz qalmaqdadır. Paşinyan oktyabrın 31-də Soçidə üçtərəfli danışıqlar zamanı da istədiyinə nail ola bilmədi. Oktyabrın 7-də Çexiyanın paytaxtı Praqada qəbul edilən yekun sənədə oxşar bəyanat Soçi danışıqlarının yekunu olaraq qəbul edildi. Həmin bəyanatda da ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı bir daha vurğulandı. Qarabağın adı qeyd edilmədi. Paşinyan Moskvadan Tehrana uçdu. O, bu dəfə, deyəsən, öz maraqlarına cavab verəcək dostunu tapdı. Çünki həm rəsmi İrəvan, həm də rəsmi Tehran məkrli siyasətini maskalanaraq həyata keçirir.

İrandakı hakimiyyət Azərbaycan Xalq Cümhuriyyəti dönəmində olduğu kimi müstəqilliyini bərpa edəndən sonra da Azərbaycana qarşı ikiüzlü siyasət yürüdüb. Əslində üzdə “İslam, müsəlman” qardaşlığından dəm vuran İran rəhbərliyi elə müsəlman və “dost, qardaş” adlandırdığı dövlətin kürəyinə ilk xəncəri vurandır. Bu ölkəni idarə edənlər Azərbaycan torpaqları işğal altında olduğu illərdə, 44 günlük müharibə zamanı, ondan sonrakı dövrdə Azərbaycana qarşı böhtan atmaq, Ermənistanın əlini gücləndirməklə məşğul olublar.

Nikol Paşinyan 2018-ci ilin oktyabrında Tehranda “Ararat” adlı idman zalında erməni icması ilə görüş keçirmişdi. Həmin salondan “Qarabağ Ermənistandır nöqtə” şüarı asılmışdı. Bu plakatın asılmasına şəraiti birmənalı olaraq Tehran hakimiyyəti yaratmışdı. Çünki özünün ifadə edə bilmədiyi mətləbi Paşinyanın, yaxud ondan əvvəlkilərin vasitəsilə dilə gətirilməsinə nail olurdu. Əvvəllər də buna oxşar hadisələr baş verib. Azərbaycan torpaqlarının, xüsusilə 1992-ci ildə Laçın və Şuşanın işğalında İranın da rolu olduğu təsdiqlənib. Yaxud Azərbaycan torpaqlarının işğal altında olduğu zaman talan edilməsində İranın iştirakı da yaddan çıxmayıb. Qafan-Gorus avtomobil yolundan İranın icazəsiz istifadəsi də unudulmayıb və s. İranda İslam adı altında fəaliyyət göstərən hakimiyyət özünü məzlumların dayağı saysa da, ən çox elə yıxılanın haqqını danıb, ona balta vurub. Azərbaycan torpaqları işğal altında qaldığı dönəmlərdə bunu yaşayıb.

Bu, Paşinyanın İrana üçüncü səfəridir. O, bu dəfə İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə səfərin yekununa dair birgə keçirdikləri mətbuat konfransında Cənubi Qafqazdakı vəziyyətdən, buradakı şəraitin əhəmiyyətindən danışıblar. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin 43 faiz artaraq 700 milyon dollara çatdığını və gələcəkdə bu rəqəmi 3 milyard dollara çatdırmaq barədə razılıq əldə ediblər. Paşinyan tərəflər arasında əhatəli danışıqların getdiyini də vurğulayıb.

İran hakimiyyəti Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədiyi bir halda, sərhədyanı bölgədə, Qafanda Baş Konsulluq açmaqla da öz pis niyyətini nümayiş etdirib. Halbuki bu şəhər 1921-ci ilədək Azərbaycanın tərkibində olub. Başqa sözlə, Azərbaycan SSRİ-nin tərkibinə qatılanda Qafan Azərbaycan ərazisi sayılırdı.

Azərbaycan cəmiyyətinə İranın riyakarlığı 30 ildir sübut olunub. Respublikada Tehran hakimiyyətinin müsəlmanların yanında deyil, Xocalı, Ağdaban soyqırımlarını törədənlərin, məscidləri, ibadət yerlərini dağıdanların, yerlə bir edənlərin, Ermənistanın yanında olduğunu yaxşı bilirlər. Onu da bilirlər ki, İrandakı hakimiyyət Güney Azərbaycan türkünə zülm edir. Panfarsçı, şovinist, zülmkar siyasi-ideologiyanın hakimiyyətinin Azərbaycan Respublikasına xoşniyyətli olması mümkünsüzdür… Paşinyanın qapı-qapı görüşü Tehranda daha məhsuldar olacaq… Axı, hər ikisi eyni xislətin daşıyıcısıdır. Yaxşı deyiblər: “Taylı tayını tapmazsa, günü ah-vayla keçər”…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir