“İkitərəfli gündəliyimiz, kifayət qədər genişdir. Sizin səfəriniz ərəfəsində müvafiq strukturlar bir çox məsələlər üzərində hərtərəfli iş aparıblar, 20-dən artıq sənədin imzalanmasına doğru gedirik – onların bir qismi bizim iştirakımızla imzalanacaq və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında deyib.
“Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər”, – deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir”.
Müvafiq orqanların artıq bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən Prezident İlham Əliyev deyib:
“Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var”.