Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birinci vitse-prezidentinə burada aparılan təmir-bərpa işləri haqqında məlumat verib.
Qeyd edildi ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
Xatırladaq ki, işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.
Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olub.