Qarabağdakı 44 günlük müharibənin nəticələri ilə Azərbaycan geosiyasi məqsədlərinə nail oldu. Bu prosesin məntiqi gedişatları strateji maraqların bütününü əhatə etməyə doğru gedir və tabloda Azərbaycan Ordusu məsələləri irəliyə aparan əsas mühərrik kimi çıxış edir. Siyasət-diplomatiya tandemi çarpaz şəkildə ordu gücü ilə vəhdət təşkil edir.
Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu peşəkar ekspert çevrələrində və akademik hərbi maraqlar dairəsində əhəmiyyətli şəkildə müzakirə obyektinə çevrilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə zamanı və müharibədən sonra Azərbaycan Ordusunu Türkiyə modeli əsasında gücləndirmək niyyətini ortaya qoyub.
Ordunun postmünaqişə dövrünə uyğun hazırlanıb inkişaf etdirilməsi, gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətinin yüksəldilməsi, döyüş səviyyəsinin tamamilə yeni mərhələyə çatdırılması İlham Əliyevin prioritetidir.
Azərbaycan Silahlı Qüvvələrinin indiki vəziyyəti onun parlaq gələcəyini təsvir etməyə imkan verir.
– Azərbaycan Ordusunun sürətlə Türkiyə sisteminə keçid etməsi;
– Orduda peşəkar şəxsi heyət formalaşdırılması;
– Xüsusi Təyinatlı Qüvvələrdə strateji dərinliklərə sıza bilən elit bölmələrin və taktiki-əməliyyat qruplarının sayının artırılması;
– Azərbaycanın ən müasir silahlar bazarına çıxışında yeni kanalların açılması;
– Azərbaycanın yerli müdafiə sənayesindəki istehsalat və buna xarici ölkələrin marağı;
– Orduda Türkiyə ilə koordinasiya şəklində planların tərtib edilməsi perspektiv üçün daha təkmil Silahlı Qüvvələrin mövcudluğu deməkdir.
Azərbaycan dövləti regionda ordu hesabına geosiyasi ağırlıq mərkəzi kimi maraqları təmin edir.
Geosiyasi məqsədlərə əlçatımlılıqda rol oynayan Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb meydanındakı inqilabçı ruhu onun peşəkar döyüş əməliyyatları hazırlamaq qabiliyyətinə olan marağı artırır.
Xüsusilə, Qarabağ müharibəsindəki qələbədən sonra bu, digər oyunçuların gözündə maraq doğurur, hərçənd, nə Azərbaycan, nə də Türkiyə hər sirri bölüşmək istəyirlər.
Bəzi əməliyyatların üzərindən məxfilik qrifinin qalxmaması regional vəziyyət və Ermənistanın mümkün revanşist cəhdləri ilə əlaqəli ola bilər.
Azərbaycan və onun strateji müttəfiqi Türkiyə digər ssenarilərin işə düşməsi şəraitində rəqiblərə başqa bir şey ötürməkdən qaçmaqda haqlı davranırlar, belə demək mümkünsə, gizlilik həmişə cazibədar elementlərlə zəngindir.
Azərbaycan Ordusu öz hərbi gücünə görə “Global Firepower” şirkətinin 2023-cü il reytinqində 145 ölkə arasında 57-ci sırada qərarlaşıb.
Bu reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunur.
Azərbaycan daha böyük qələbələr naminə və parlaq regional firavanlıq üçün hərbi xərclərini artırmağa davam edir.
2023-cü il dövlət büdcəsinə dəyişikliklə ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi üçün xərclərin 1 milyard 105 milyon manat artımı nəzərdə tutulur.
Halbuki, bu xərclər 2023-cü il dövlət büdcəsi qəbul edilən zaman 5 milyard 331 milyon 211 min manat proqnozlaşdırılırdı.
Azərbaycan müdafiə xərcləri bölümündəki vəsaitlərlə yeni silahların və texnikaların alınmasını təşkil edir, xüsusi təyinatlıların sayını artırır, lakin bəzi məsələlər təfərrüatı ilə açıqlanmır.
Aqşin Kərimov