“Azərbaycan və İndoneziya beynəlxalq arenada, müxtəlif təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyirlər”.
Bu barədə “Report”a İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid deyib.
“Beynəlxalq təşkilatlarda Azərbaycanın sədrliyi müzakirə olunanda İndoneziya hər zaman bu təşəbbüsləri dəstəkləyib və Azərbaycan da belə davranıb”, – səfir bildirib.
O xatırladıb ki, bu il Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur:
“Paytaxt sakinlərini İndoneziya mədəniyyəti ilə yaxından tanış etmək məqsədilə Bakıda Fəvvarələr Meydanında mədəni tədbir təşkil etməyi planlaşdırırıq. Azərbaycanlıların ölkəmiz barədə daha çox məlumatlı olmasına çalışırıq. Bundan başqa, İndoneziya xalqının Azərbaycan haqqında daha çox məlumatlı olmasını istəyirik”.
İki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafından danışan səfir Azərbaycanla İndoneziya arasında hələ ki birbaşa uçuşların olmadığını vurğulayıb:
“İndoneziya səfirliyi bu məsələni həll etməyə çalışır. Azərbaycan və İndoneziya arasında birbaşa reyslərin açılması üçün şirkətlər arasında B2B görüşlərin təşkili planlaşdırılır. Gələcəkdə turizm mövsümündə ölkələr arasında çarter reyslərin təşkili mümkündür. Hazırda “Türk Hava Yolları”, “Qatar Airways” vasitəsilə İstanbul və Doha şəhərlərindən Bali və Cakartaya birbaşa səyahət etmək mümkündür. İndoneziyada turistlər üçün yaxşı şərait yaradılıb. Turistlərin özlərini rahat və ev şəraitində hiss etmələri üçün onlara yerli sakinlərin evlərində qalmaq imkanı yaradılıb”.
H.Hamid Azərbaycanın bölgələrinə tez-tez səfər etdiyini bildirib.
O, Sumqayıt, Mingəçevir, Gəncə və digər bölgələrdə olub:
“Azərbaycan çox gözəl və mənzərəli ölkədir. Mən Qarabağda da olmuşam və çox bəyənmişəm”.