• Be. Noy 25th, 2024

İrandan gələ biləcək növbəti təxribatlar: Azərbaycan təhlükəsizlik qüvvələrinə həyəcan siqnalı verilib -TƏHLİL

ByYenigun.news

Apr 3, 2023


İran Azərbaycanın xarici siyasətdə açdığı kursdan bərk narahatdır və bunu özünə qarşı sarsıdıcı travma kimi dəyərləndirir.

Tehranın hesablamalarına təsir edən regionda Azərbaycan mərkəzli geostrateji dəyişikliklərin baş vermək ehtimalıdır.

İran düşünür ki, Azərbaycanın Ermənistan üzərində həlledici qələbəsi və bunun davamı ola biləcək perspektiv hərbi əməliyyatlar Tehranı regional nüfuzdan salacaq.

Tehranla Bakı arasındakı diplomatik-siyasi gərginlik, bunun hərbi ritorika ilə müşayiət edilməsi Azərbaycanın 10 Noyabr Bəyanatının 9-cu maddəsini icra etmək üçün atdığı addımlardan sonra daha da kəskinləşib.

İran cürbəcür bəhanələrə söykənərək Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması layihəsi olan Zəngəzur dəhlizinə qarşı çıxır.

Yeni koridor kontekstində Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq hərbi və təhlükəsizlik tədbirlərinin miqyasını sərhəddə göstərir. Bu da Bakı-Tehran ikitərəfli gərginliyinin pik nöqtəyə qalxmasına rəvac verir.

İran Azərbaycanın əldə etdiyi strateji aktivləri dondurmaq və ya dərəcəsini azaltmaq üçün tədbirlər gördükdə isə güclü ideoloji nüfuz itkisi ilə üzləşdi.

Azərbaycana təzyiq üçün molla rejimi və onun əsas dayağı SEPAH müxtəlif təxribat əməllərini icra etdilər və onların planları ard-arda iflasa uğradı – həm kəşfiyyat, həm də ideoloji cəbhələrdə.

Ancaq etiraf etmək lazımdır ki, İran tərəfindən ixrac edilən zəhərli silahların güllələri tükənmək bilmir və bu, getdikcə daha təhlükəli hal alır.

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum, ardınca Tehranın təlimatları əsasında Azərbaycanda nüfuzlu şəxsləri öldürmək planları, bundan sonra deputat Fazil Mustafanın güllələnməsi həmin təhlükələrin gələcək miqyası barədə də nəzəri istiqamətlər verə bilər.

Mümkün ehtimallar:

– İran ideoloji habında qərar tutan və molla rejiminə nökərçilik etməyi müqəddəs missiya hesab edən qüvvələri yeni təlimatlarla ayağa qaldırmaq istəyəcək;

– İran Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə, bu azmış kimi, hətta rəqabətdə olduğu PKK və İŞİD terrorçuları ilə sövdələşmələrə gedərək Cənubi Qafqazda suyu bulandırmağa çalışacaq;

– İran Fransa ilə kəşfiyyat sahəsində əməkdaşlıq platforması quraraq onun diqqətinin Azərbaycana qarşı davamlı olmasını təmin etməkdə maraqlıdır.

İranın öz vətəndaşlarına Azərbaycanı tərk etmək barədə etdiyi çağırış bu üç istiqamət üzrə onun qurduğu kəşfiyyat oyununun tərkib hissəsi kimi qavranıla bilər.

Hərçənd ki, İran bunu rəsmi yox, qeyri-rəsmi kanallar vasitəsilə elan etmişdi ki, buradan da bir neçə ehtimal çıxara bilərik.

Birincisi, İran Azərbaycanla güc qarşıdurmasının hərbi aspektlərini planlaşdırır, vətəndaşlarını Azərbaycanı tərk etməyə çağırmaqla əsl məqsədini gizlətməyə çalışır.

İkincisi, İran öz əlaltıları vasitəsilə yeni təxribat aktı hazırlayır.

Üçüncüsü, İran Azərbaycanın Ermənistanla sərhəddə toqquşmasını ehtimal edərək casus şəbəkəsini Azərbaycanı tərk etməyə səsləyir.

Məqsəd mümkün toqquşma zamanı İranın Ermənistana göstərə biləcəyi hərtərəfli dəstəyə görə casus şəbəkəsinin ziyan çəkməməsidir. Yəni Azərbaycandakı agentura şəbəkəsinin üzvləri molla rejiminin Ermənistan üçün yazdığı duaları oxusalar, dövlət onları həbs edəcək.

Bütün proseslər bir-birilə üzvi surətdə bağlıdır, Azərbaycanın təhlükəsizlik orqanları bu bağlılıqlarda kimin hansı ipdə dayandığını təhqiq edir.

Fazil Mustafaya qarşı terroru planlaşdıranların, onun maliyyə tutumunu hazırlayanların, sifarişini verənlərin, icrasını həyata keçirənlərin həbs olunması məlumatları Bakının ciddi əks-həmləyə başladığından xəbər verir.

Verilən rəsmi bəyanatlar (XİN tərəfindən) ardınca kütləvi saxlanılmalar, həbs olunan şəxslərin portretləri üzərindən aparılan təhlillər belə deməyə əsas verir ki, terror aktının arxasında İran xüsusi xidmət orqanları, ələlxüsus da SEPAH dayanıb.

Azərbaycanın təhlükəsizlik qüvvələri həyəcan siqnalı ilə meydana atılıb və dövlət tərəfindən onlar qarşısında qoyulan vəzifələri iki meyarla təsnif edə bilərik:

– İranın xüsusi xidmət orqanlarının direktivlərini yerinə yetirənlərin Ermənistanla olan bağlılıqlarını araşdırmaq;

– İranın məqsədlərinin əsiri olmuş və hər cür addıma gedə biləcək “dindar”ların ən dəqiq siyahısını müəyyənləşdirmək;

– Dəqiqləşdirmələrdən sonra İranın agentura şəbəkəsinin bütün üzvlərini ifşa etmək, onları ədalət mühakiməsinə təqdim etmək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir