İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 17 gün öncə ölkənin şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz bölgəsində hərbi təlimlər keçirdi. Aylardır Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan, sərhədlərin dəyişdirilməsinin “qırmızı xətt”i olduğunu deyərək addımbaşı bizə barmaq silkələyən cənub qonşumuzun Azərbaycana qarşı növbəti əsassız gövdə nümayişi özlüyündə çoxsaylı suallar doğurdu. Qarabağın 30 illik işğalı dövründə bircə dəfə belə, Araz sahilində təlim keçməyən, Ermənistanın torpaqlarımızdakı tarixi mədəniyyət abidələrini məhv etməsinə səs çıxarmayan İranın birdən-birə 1970-ci illərdən qalmış köhnə texnikaları ilə üç günlük güc göstərişi qaşınmayan yerdən qan çıxarmaq cəhdinə bənzəyirdi.
Lakin Soçi görüşündən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfər etməsi bütün qaranlıq məqamları aşkara çıxardı. Ermənistan liderinin İbrahim Rəisi ilə dostyana görüşü İranın heç də, səsləndirdiyi kimi, “müsəlman qardaşımız” olmadığını sübut etdi. Bundan bir neçə gün əvvəl İranın Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif etməsi isə islam dövlətinin işğalçı erməninin havadarına çevrildiyini açıq şəkildə göstərdi.
Hiyləgər qonşularımızın təhrikedici addımlarına qarşı təmkini əldən verməyən Azərbaycanın cavabı isə gecikmədi. Belə ki, noyabrın 2-də Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədlərinə yaxın ərazidə Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqə çərçivəsində təlimi başladı. Azərbaycan Ordusunun bu addımı güneyli soydaşlarımız tərəfindən “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Azərbaycana canlar fəda!”, “Yaşasın Azərbaycan əsgəri!” şüarları ilə qarşılandı.
Hazırkı Azərbaycan-İran münasibətlərini Oxu.Az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İran Rusiyanın Ukraynada baş verən proseslər səbəbilə bölgədə təsir imkanlarının zəiflədiyini düşünüb, intensiv şəkildə özünü Cənubi Qafqaza yerləşdirməyə çalışır:
“İranın Cənubi Qafqazdakı mövqeyi hamıya bəllidir, yeni məqsəd deyil. Bunun üçün İranın istifadə edə biləcəyi yeganə coğrafiya Ermənistan ərazisidir. Çünki güclü Azərbaycan və ya Türkiyə ilə sərhəddə yerləşən Gürcüstan İran üçün əlçatan deyil. İran həm də özünün hərbi-siyasi çıxarları baxımından Ermənistana dəstək vermək məcburiyyətindədir. Lakin keçirilən bu tədbirlər, İranın təzyiqləri Azərbaycanı qətiyyən narahat etmir. İranın indiyədək dəstək verdiyi ölkələrdən heç biri ağ günə çıxmayıb. Onsuz, müharibə vaxtı da İran Ermənistana kifayət qədər dəstək verirdi. Buraya silah, maddi-texniki təminat daxildir. Göründüyü kimi, İranın verdiyi dəstək heç bir halda bölgənin güc balansına təsir etmədi və Azərbaycan Ermənistanı müharibədə məğlub edərək dizi üstə qoydu”.
Ekspert hesab edir ki, Tehranı təxribatçı fəaliyyətlərindən çəkindirmək üçün Azərbaycan İranla sərhəddə yerləşən müttəfiqlərinin potensialından geniş istifadə etməlidir:
“Başlayan təlimlərimiz planlı təlimlərdir. Onlar heç bir zaman üçüncü bir ölkəyə tərəf yönəlməyib. Təlimlər Azərbaycan ərazsinin istənilən nöqtəsində daim keçirilib və keçiriləcək. Bunun İranla heç bir əlaqəsi yoxdur. Lakin təbii ki, biz müxtəlif qoşun növlərinin xüsusi təyinatlılarla birlikdə qarşılıqlı əlaqədə tədbirlərini dünyaya nümayiş etdiririksə, bu, Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına ciddi bir siqnal olmalıdır.
Mülki təyyarə ilə hərbi təyyarəni hələ də təyin edə bilməyən İran ordusunun real döyüş potensialı isə hər kəsə məlumdur. Ən çox qəza hallarının, aviasiya itkilərinin olduğu ölkələrdən biri kimi İranın Azərbaycan-Türkiyə-Pakistan ittifaqına qarşı da real addımlar atacağı ehtimal olunmur. XTQ-nin bu təlimləri Azərbaycan əleyhinə sərsəm bəyanatlar səsləndirən və revanşist hisslərə qapılan qüvvələrə qarşı ciddi bir mesaj olmalıdır. Kim bundan nəticə çıxarsa, onun başı salamat olar”.
Hərbi analitik Alp Arslan İmamqulu isə qeyd edib ki, İranın siyasi idarəsi Azərbaycanın düşmənidir və bu, onun Ermənistanın ərazi bütövlüyünü öz “qırmızı xətt”i elan etməsi ilə sübuta yetirilib:
“Zamanla verilən təhdid dolu mesajlar və sərhəd boyunca bizi hədəf göstərən təlimlər də bundan xəbər verir. İran bütün bunları edərkən nüfuzunun tam yarısının zülmə məruz qalan soydaşlarımız olduğunu unudur. Amma bu dəfə layiqli cavablarını almış oldular. Ali Baş Komandanımızın Azərbaycan tarixini və altmış milyonluq bir xalqın rəhbəri olduğunu xatırlatması ən doğru həmlə idi. Bununla yanaşı, Xüsusi Təyinatlı Qüvvələrimizin Araz boyunca təlimi və eyni vaxtda Türkiyənin hərbi elitasının İran sərhədinə baş çəkməsi düşmənlərimizə gərəkli mesaj oldu. Düşmənlərimiz deyirəm, ona görə ki, İranın Ermənistanla müttəfiq olduğunu unutmalı deyilik”.
Sayad Həsənli