ABŞ-la İran arasında Tehranın nüvə siyasətini cilovlamaq istiqamətində danışıqların bərpa edilməsindən sonra ikili münasibətlərdəki alovun üzərinə benzin tökən daha bir məsələ ortaya çıxıb.
Budəfəki iddia “ölüm qoxusudur”, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, SEPAH-ın Bağdadda öldürülən komandanı Qasım Süleymaninin qisasının alınması üçün Tehran Con Boltonu (ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub) hədəfə alıb.
(Con Bolton)
İran Qasım Süleymaninin raket zərbələri ilə öldürülməsinin ardından ABŞ-ı sarsıda biləcək cavab tədbiri görə bilməyib, İslam Respublikasının fəaliyyəti hədə-qorxu gəlməkdən üstün bir səviyyəyə keçməyib. Keçibsə belə, bu, ABŞ-ın beynəlxalq aləmdəki imicinə və onun etibarına, gücünə heç bir xələl gətirməyib.
Ümumiyyətlə, İranın son iki ildəki fəaliyyətində israilli iş adamlarının, mütəxəssislərin və Qərb diplomatlarının öldürülməsi planları sürətli istiqamət qazanıb və Tehran ard-arda ifşa dalğası ilə üzləşib.
Ona görə də ABŞ tərəfinin iddiası, Tehranın dediyi kimi, “nağıl oxumağa” bənzəmir və onun həqiqiliyi şübhə altına düşmür.
SEPAH bu dəfə ABŞ ictimai xadimlərini aradan götürmək missiyasını özünün əməkdaşı Şəhram Pursəfinin üzərinə yükləyib və Pursəfinin ifşa edilməsində, güman ki, İsrail kəşfiyyatının böyük rolu olub.
Özünün sərt ritorikası ilə məşhurluq qazanan Con Bolton İrana qarşı amansız mövqedə dayanan siyasətçidir, onun səsinin kəsilməsi planı İran rəhbərliyinin iradəsindən doğan qərardır.
İranın kəşfiyyat təlimatları və sahədəki fəaliyyətinin Boltona doğru yön almasının ifşa edilməsi isə hələ Tehranın öz qınına çəkiləcəyi anlamını vermir.
İran sürətli və tutarlı beynəlxalq müqavimətlə rastlaşmasa, həmin kəşfiyyat əməliyyatlarını yenidən işləyəcək və “B” planlarını dövriyyəyə salacaq.
İranın sui-qəsdlərinin növbəti hədəfində ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun olduğu da üzə çıxıb.
(Mayk Pompeo)
İstənilən halda, İslam Respublikası Vaşinqtonun əlinə kart verir, bundan sonra ABŞ öz vətəndaşlarının təhlükəsizliyini əsas və ya bəhanə gətirərək İranın başı üzərinə qaldırdığı “bıçağı” itiləyəcək.
ABŞ-İran xəttinə axıdılan təhdid plazması, iki ölkə arasındakı nüvə danışıqlarına da təsir edə bilər.
Amma bu təsirin danışıqların kəsiləcəyi səviyyəyə qədər qalxacağı fikri real görünmür.
Onsuz, danışıqlarda hansısa razılaşma əldə edilsə belə, tərəflər bir-birinə qarşı hibrid müharibədən əl çəkməyəcəklər, əksinə, bu fəaliyyət daha da güclənəcək.
Aqşin Kərimov