İranın başı üzərində toplanmış qara buludların buraxdığı “yağışlar” rəsmi Tehranı idarə olunması çətin vəziyyətlə üz-üzə qoyur.
Sanksiyalar, nüvə danışıqlarına görə İrana edilən basqılar, bu təzyiqlərdə Rusiya və Çinin də iştirakı, İsrailin ölkə ərazisində güclü kəşfiyyat şəbəkəsi qurması, sosial-iqtisadi böhranın tüğyan etməsi İslam Respublikası üçün axirət imtahanı kimi bir hala gəlir.
İsrailin SEPAH polkovniki Sayad Xodaini Tehranın mərkəzində öldürməsindən sonra İran kəşfiyyatı öz daxilindən məlumatların sızması ehtimalları üzərindən araşdırma apararaq casusları tapmaq istəyir.
Amma İsrail xarici kəşfiyyat xidməti tabloda elə cizgilər çəkib ki, həmin şifrələri qırmaq İran üçün çətinləşir.
İranda kəşfiyyat içərisindən kiminsə ələ alınması İsrail üçün müşkül məsələ deyil, hərçənd ki, bunu edən “çekist” İslam Respublikasının kəsəcəyi cəzaların dəhşətini də göz önünə gətirir. Həqiqətən də, İsrail İranda bu qədər genişmiqyaslı əməliyyatlar keçirirsə, burada onun SEPAH daxilindəki adamları da rol oynayırlar.
SEPAH gücünü və resurslarını səfərbər edərək həmin casusları tapmaq missiyası ilə yüklənib və atdığı hər addımda əks-reaksiyalarla üzləşir.
İrana qarşı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri rəsmi Tehranı haker hücumları ilə də sınağa çəkir, belə hücumlardan biri iyunun 2-də baş tutub.
Ötən gün Tehranda bir sıra əhəmiyyətli dövlət obyektləri və mərkəzlərinə edilən haker hücumu nəticəsində minlərlə müşahidə kamerası sıradan çıxarılıb.
Ümumilikdə beş min nəzarət kamerası “kor edilib”, bu isə onu göstərir ki, İranın rəqibləri həmin zaman ölkə ərazisində əməliyyatlar keçirirmişlər. Bu qədər müşahidə kamerasının eyni anda “vurulması”nda məqsəd, yəqin ki, kəşfiyyat şəbəkələrinin özünə alibi qazanması və ya iz itirməsi üçündür.
İnformasiyaların yayılması tarixi bəzi hadisələrin heç də həmin vaxtda baş verdiyi anlamını daşımır, elə mayın 30-da baş verən bir ölüm hadisəsi də.
Sayad Xodainin qətlindən sonra SEPAH-ın Qüds Qüvvələrinin 840-cı bölməsinin daha bir komandiri, polkovnik Əli İsmayılzadə mayın 30-da Kərəz şəhərində müəmmalı şəkildə ölüb.
840-cı bölmə haqqında məlumat budur ki, o, SEPAH daxilində çox gizli bir qrupdur və üzvlərinin heç birinin fotosu açıq mənbələrdə yoxdur. Hərçənd ki, həmin bölmənin mövcudluğu bu yaxınlarda İsrailin kəşfiyyat fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyətə açıqlanmışdı, yəni üzvlərin hamısının olmasa da, bəlli bir qisminin tərcümeyi-halı və fotoları İsraildə mövcuddur.
Əli İsmayılzadənin evinin damından yıxılaraq dünyasını dəyişdiyi qeyd olunsa da, məntiqlə bunun inandırıcılıq gücü zəifdir, ən azından ona görə ki, o, İsrailin də, elə İranın özünün də hədəfində ola bilərdi.
İsrailin hədəfinə dair versiya: İsrail məxfi qrupun ikinci rütbəli şəxsini öldürməklə “840”ı ifşa etdiyini bildirir.
İranın hədəfində olmasına dair versiya: Yuxarıda yazdıq ki, İran Sayad Xodainin öldürülməsindən sonra casus ovuna çıxıb və mümkündür ki, Əli İsmayılzadənin də İsrail tərəfinə casusluq etdiyinə dair Tehranın əlində şübhələr olub.
Yayılan informasiyalarda ikinci məqam ön planda tutulur, bildirilir ki, təhlükəsizlik sızması axtaran SEPAH İsmayılzadədən şübhələnib və intihar ssenarisi təşkil edərək onu aradan götürmək qərarına gəlib.
İranda cərəyan edən hadisələrin axarı İranı yaxın günlərdə, aylarda, illərdə daha da təhlükəli təhdidlərə doğru itələyəcək.
Aqşin Kərimov