• Ca. Noy 28th, 2024

İranın yenidən güclənən anti-Azərbaycan ritorikası: SEPAH-ın “Bakının əli” axtarışı – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 3, 2024

İranda hadisələrdə “ingilis barmağı” axtarmaq ənənəsi var. Amma indi onu Azərbaycan əli ilə əvəzləyiblər. Belə ki, Tehranın təbliğat aparatı ölkə ilə bağlı hadisələrdə “Bakı barmağı” axtarır.

İranın iddiasına əsasən, aprelin 1-də Suriyaya hava hücumu nəticəsində İslam Respublikasının Dəməşqdəki baş konsulluğunun binası uçub. Məlumata görə, raket atəşi nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin yüksəkrütbəli komandiri, general Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhimi daxil olmaqla yeddi zabiti ölüb. Tehran iddia edib ki, hücumu İsrail reallaşdırıb. Rəsmi Təl-Əviv isə hücumla bağlı açıqlama verməyib.

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, keçmiş müdafiə naziri Əli Şamxani bildirib ki, konsulluğun vurulması ilə bağlı ABŞ birbaşa məsuliyyət daşıyır. Ancaq ABŞ-nin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi ölkəsinin bu hücumla heç bir əlaqəsinin olmadığını bəyan edib. Seyid Əli Xamenei isə hücuma görə İsraili peşman edəcəklərini söyləyib.

Məlumatlara əsasən, İran Suriyaya əlavə qüvvələr göndərib. Suriyanın “Sham” “Telegram” kanalı bildirib ki, SEPAH bu ölkənin şərqindəki Əbukamal şəhərindəki “Fatimiyyun” və “Zeynəbiyyun” adlı proksi qruplarını səfərbər edib. Qeyd edək ki, “Fatimiyyun” Əfqanıstan vətəndaşları olan xəzərlərdən ibarət qruplaşmadır. “Zeynəbiyyun” isə əsasən, Pakistan vətəndaşlarından formalaşıb. Hər iki qrupda bir yerdə 300-500 nəfərin olduğu ehtimal edilir.

İran Prezidenti İbrahim Rəisi də hadisə ilə bağlı açıqlamasında hücumun cavabsız qalmayacağını vurğulayıb.

Bu nümunələrdən də göründüyü kimi, hadisə ilə bağlı üç tərəf var: biri zərərçəkən İran, biri hadisəni törətməkdə ittiham olunan İsrail, o biri isə ona dəstək verdiyi iddia olunan ABŞ.

İran təbliğat aparatı isə diplomatik nümayəndəliyə hücumun acısını Azərbaycandan çıxmağa çalışır. Bu hədələmə, qarayaxma kampaniyasında əsas rolu SEPAH-a bağlı kütləvi informasiya vasitələri oynayır. İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib. Yaxud SEPAH-ın “Telegram” kanalı bildirib ki, İranın Dəməşqdəki səfirliyinə hücumla bağlı “Bakı Respublikası ilə İsrail arasında gizli əlaqə olub”. Bu mənbə isə İsrailin Zəngilandakı “mərkəzini vurmağı” təklif edib. SEPAH İran Silahlı Qüvvələrinin bir qolunu təşkil etsə də, ölkədə hakimi-mütləq sayılır. Başqa sözlə, Tehran rejiminin əsas dayağı bu silahlı birləşmədir. İran daxilində və xaricində hakimiyyətin tapşırıqlarını bu qüvvə həyata keçirir. ABŞ və İsrail onu terrorçu qruplaşma olaraq tanıyır. Bir sıra Qərb ölkələrinin parlamentləri də oxşar qərarlar qəbul edərək SEPAH-ın terrorçu qruplaşma olaraq tanınması ilə bağlı hökumətlərinə müraciət ediblər. Bu baxımdan hər iki “təklif” hərbi birləşmənin yanaşmasından daha çox, terror, yaxud silahlı qruplaşmanın hədələyici açıqlamasına oxşayır. “Bakı Respublikası” ifadəsi isə Tehran rejiminin siyasi-ideoloji hikkəsinin göstəricisidir. Çünki bu hakimiyyət Azərbaycan Respublikası deməyə, yazmağa həmişə çətinlik çəkir. Bunun da səbəblərindən biri, heç şübhəsiz, Güney Azərbaycanda bu sözə adət edilməməsi ilə bağlıdır.

Ötən ilin yayında İranın Şiraz şəhərində Şah-Çeraq məqbərəsinə silahlı hücum olmuşdu. Tehran ənənəvi olaraq ABŞ-ni, İsraili ittiham etmiş, hadisə ilə əlaqədar 26 nəfəri həbs etmişdi. Bu hücumla bağlı da Tehran rejiminin kəşfiyyat xidməti Azərbaycanı ittiham etmişdi. Ancaq sonradan həmin aktı Tacikistan vətəndaşı olan İŞİD terror qruplaşmasının üzvünün törətdiyi açıqlandı. Konsulluğun atəşə tutulması, məqbərəyə hücumda Cənubi Qafqaz ölkələrinin iştirakı nə dərəcədədirsə, Azərbaycanın da rolu o qədər olar. Çünki Ermənistan, Gürcüstanla yanaşı, Azərbaycanın da İsrail və ABŞ ilə əlaqələri var.

Bu ölkədəki etiraz aksiyalarında da Tehran rejimi “Bakı barmağı” axtarır. Məsələn, İran konstitusiyasına əsasən, milli mədəni hüquqlarını tələb edənləri, o cümlədən ana dilində təhsil almağı istəyənləri bu hakimiyyət Azərbaycan Respublikası ilə bağlayır.

Müstəqilliyini bərpa edəndən sonra İran hakimiyyəti Azərbaycana “böyük qardaş” olmağa çalışdı. 30 milyondan çox türkün olduğuna əsaslansaq, nəzəri baxımdan İran Azərbaycana daha yaxın ola bilərdi. Tehran hakimiyyəti müstəqilliyini yeni bərpa edən respublikaya xəyanət etməklə bu şansı əldən verib. Şuşa daxil olmaqla Azərbaycan torpaqlarının işğal olunmasında Tehran hakimiyyətinin unudulmayacaq rolu olub. Qarabağ və ətraf rayonların işğal altında saxlanılmasında, müharibə dövründə və sonrakı illərdə də Tehran Azərbaycana münasibətini dəyişə bilməyib.

Azərbaycanın NATO, ABŞ, İsrail, Böyük Britaniya, Avropa İttifaqı Komissiyası və başqaları ilə əlaqələri genişləndirməsi, Zəngəzur yoluna beynəlxalq güclərin sakit yanaşması, Ermənistanın işğal altında saxladığı Azərbaycanın səkkiz kəndini geri verməsi ilə bağlı rəsmi İrəvanın açıqlamaları, Orta dəhlizin aktuallaşması və başqa amillər İran hakimiyyətinin qısqanclığına səbəb olur. Çünki o, şimal qonşusunda Qərblə inteqrasiyası genişlənən, güclənən bir dövlətin mövcudluğunu həzm edə bilmir. Ona görə də hikkəsini terrorçusayağı hədə ilə çıxmağa çalışır.

Bəhs etdiyimiz hədələr yada SEPAH-ın Azərbaycanla sərhədyanı ərazilərdə keçirdiyi təlimləri xatırladır. Tehran iddia edirdi ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində İsrailin bazaları yerləşir. Onda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə İrana dair məsələni müzakirə etdiyini bildirərək onlara belə ismarış göndərmişdi:

“Azərbaycan Prezidenti dedi: “Bizim İsrailə yönəlmiş hər hansı güzəştimiz yoxdur, biz İsraillə hər cür mal mübadiləsi içərisində addım ata bilərik. Digər ölkələrlə necə addım atırıqsa, burada da eyni şəkildə İsraillə bu cür əlaqələrimiz var və bundan sonra da belə olacaq”.

Türkiyə lideri bildirmişdi ki, bu məsələlərdə ölkələr bir-birlərinin qərar qəbuletmə mexanizmlərinə təsir göstərməməlidir: “Ümid edirik ki, rəsmi Tehran da burada sağlam düşüncə ilə hərəkət edərsə, İran və Azərbaycan arasında heç bir problem yaşanmaz”.

Həmin açıqlamadan sonra İran sakitləşib, Azərbaycanla münasibətləri bərpa etməyə çalışıb. Ancaq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu vəziyyəti daha da gərginləşdirdi. Bu cinayət İran hakimiyyəti ilə bağlı “qozbeli qəbir düzəldər” məsəlini xatırlatdı. Konsulluğun binasının vurulması hadisəsində Azərbaycanın adının hallanması sübut edir ki, bütün şantaj və təhdidlərin müəllifi SEPAH-dır. “Bakı barmağı” da anti-Azərbaycan düşüncəlilərə tutacaqdır.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir