İran və Azərbaycan müxtəlif enerji sektorlarında əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə baş nazirin müavini Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra İranın neft naziri Cavad Oci mətbuata bildirib.
Görüşdən sonra mətbuata açıqlama verən Oci iki tərəf arasında müsbət danışıqlar aparıldığını və konstruktiv razılaşmaların əldə edildiyini bildirib.
İranın Neft nazirinin sözlərinə görə, tərəflər regionun digər ölkələrindən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Görüşdə müzakirə olunan mövzulardan biri də Xəzər dənizində neft və qaz yataqlarının işlənilməsi olub.
Ocinin sözlərinə görə, bununla bağlı ilkin danışıqlar aparılıb və iki ölkənin ekspert nümayəndə heyətləri danışıqları davam etdirir.
O, yaxın gələcəkdə Azərbaycanla neft, qaz, Xəzərin neft-qaz yataqlarının işlənilməsi sahəsində yaxşı sazişlərin imzalanacağına ümid etdiyini bildirib.
Ş.Mustafayev Tehranda olarkən, o cümlədən İranın energetika naziri Əli-Əkbər Mehrabian ilə də görüşüb və müxtəlif sektorlarda əməkdaşlıq məsələlərini müzakirə edib.
Mehrabian bildirib ki, iki ölkə elektrik şəbəkələrinin sinxronlaşdırılması və elektrik stansiyalarının birgə tikintisi kimi böyük elektrik layihələrini müzakirə ediblər.
İranın Energetika Nazirliyinin portalı Mehrabiana istinadən xəbər yayıb ki, mövcud maneələrin aradan qaldırılması, İran və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, o cümlədən su elektrik stansiyalarının birgə inkişafı üçün əsas məsələlər müzakirə edilib.
“Biz həmçinin İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin sinxronlaşdırılması layihəsini müzakirə etdik və hər iki tərəfi maneələrin aradan qaldırılmasına və layihənin tezliklə həyata keçirilməsinə çağırdıq”, – deyə iranlı nazir əlavə edib.
Mənbə: Tehran Times