“Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar medianın sərbəst, müstəqil şəkildə öz ayaqları üzərində durmasına şərait yaradacaq”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Azərbaycanda qəzet və saytlara verilən maddi yardımların vergilərdən azad olunması bütövlükdə mediaya göstərilən böyük dəstək kimi qiymətləndirilməlidir:
“Çünki maddi yardımlara tətbiq olunan vergilər indiki halda media üçün kifayət qədər böyük vəsaitdir. Bu vəsaitlərin media resurslarında qalması prinsip etibarilə onların həmin resurslardan öz fəaliyyətlərini inkişaf etdirmək üçün yararlanmasına, eyni zamanda bir sıra sosial problemlərin həllinə kifayət qədər ciddi təsir göstərəcək”.
“Məlum olduğu kimi, sadəcə, maddi yardımlar vergidən azad olunmayıb, paralel olaraq, paket halda bir neçə istiqamətdə qəzetlərə və saytlara dəstəyin verilməsi nəzərdə tutulub. Burada çap və kağız məmulatlarının əlavə dəyər vergisindən azad edilməsi də nəzərdə tutulur. Bu, nəticə etibarilə medianın biznes subyekti kimi inkişafına da töhfə verə bilər. Proses davamlıdır və daha geniş istiqamətləri əhatə edəcək. Ümumiyyətlə, islahatlar bir-biri ilə zəncirvari şəkildə bağlı prosesdir. Hansısa güzəşti və dəstəyi kontekstdən çıxararaq ayrı-ayrılıqda şərh etmək ümumi mənzərənin formalaşmasına imkan vermir”, – o bildirib.
E.Mirzəbəyli vurğulayıb ki, bu baxımdan həm vergi güzəştləri, həm mətbuata, xüsusilə çap mediasının, poliqrafiyanın inkişafına verilən dəstək yeni texnologiyanın tətbiqi üçün imkanlar açır:
“Eyni zamanda jurnalistlər üçün nəzərdə tutulan sosial güzəştlər, reklam və bütövlükdə sahibkarların prosesə cəlb olunması istiqamətində nəzərdə tutulan addımlar kompleks tədbirlərdir. Bu kompleks tədbirlərin nəticəsini müəyyən zaman kəsiyindən sonra daha aydın şəkildə görəcəyik”.