• Ç. Noy 27th, 2024

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – FOTO/VİDEO

ByYenigun.news

May 19, 2022

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi 19 may tarixinin Türkiyədə geniş qeyd olunan Atatürkü Anma, Gənclik və İdman Bayramı olması münasibətilə təbriklərini çatdırıb.

Nazir K.Heydərov iki qardaş ölkə arasında bütün sahələrdə mövcud əlaqələrdən danışaraq, Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində bu əlaqələrin ən yüksək səviyyəyə qalxdığını qeyd edib.

FHN-in fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ölkələrimiz arasında sıx əlaqələrin dinamik inkişafından danışaraq, nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfər etdiyi ölkənin məhz qardaş Azərbaycan olmasından məmnunluq ifadə edib. V.Kirişçi meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir