NATO-dan danışsaq, bir daha deyim ki, qəbul prosesi bir neçə ay davam edir və Türkiyə sonda Finlandiya və İsveçin alyansa daxil olmasına öz razılığını verəcək.
Türkiyəli politoloq, siyasi elmlər namizədi, beynəlxalq münasibətlər və Türkiyə-Rusiya münasibətləri üzrə ekspert Kərim Has Oxu.Az-a açıqlamasında yaranan geosiyasi intriqalara münasibətini bildirib.
– Amma mən razıyam ki, Ağ Evin indiki administrasiyasının Türkiyəyə və Türkiyə liderinə münasibəti, yumşaq desək, kifayət qədər ehtiyatlıdır. Co Bayden Rəcəb Tayyib Ərdoğanın istədiyi vaxt və istədiyi qədər zəng edə biləcəyi Donald Tramp deyil.
Diqqət yetirin ki, ABŞ-ın hazırkı prezidenti Ukraynada müharibə başlayandan sonra Avropa liderləri ilə onlarla dəfə görüşüb, telefon əlaqəsi yaradıb. Səhv etmirəmsə, Ərdoğanla cəmi bir telefon danışığı olub.
Co Baydenin Rəcəb Tayyib Ərdoğana öz münasibəti var, onların arasında, necə deyərlər, “kimya” yoxdur. Amma ABŞ-ın Türkiyəni saymaması fikri ilə razılaşmıram. Şəxsi münasibətlər başqa şeydir, geosiyasi və dövlətlərarası maraqlar isə tamam başqa şeydir. Türkiyə regionda çox önəmli oyunçudur. Hətta Ukrayna məsələsində də Rəcəb Tayyib Ərdoğan Qərbin mövqeyini dəstəkləyir.
– Yaxşı, Co Bayden, belə demək mümkünsə, niyə Rəcəb Tayyib Ərdoğanı bəyənmir?
– Baydenin Ərdoğana qarşı antipatiyası uzun hekayədir. Barak Obamanın dövründə Bayden vitse-prezident idi və o zaman da Türkiyə lideri haqqında sərt açıqlamalar verirdi. Daha sonra, ABŞ prezident seçkilərindən əvvəl Bayden prezidentliyə namizəd olarkən açıq şəkildə Rəcəb Tayyib Ərdoğanın siyasi rəqiblərini dəstəkləməyə çağırırdı, onu avtokrat adlandırırdı.
Mənə elə gəlir ki, səbəb Co Baydenin özünü bütün dünyada demokratiyanı təbliğ edən lider hesab etməsidir. O, xeyli yaşı keçmiş insandır, ona elə gəlir ki, “azad dünyanın” lideridir, hansı ki, fikrimcə, həqiqətə uyğun gəlmir. Ərdoğan Baydenin dünyaya baxış bucağı ilə uyğunluq təşkil etmir. Xatırladaq ki, ötən ilin sonunda ABŞ bir növ Demokratiya Sammiti təşkil etmişdi. Türkiyə dəvət olunmamışdı (Ermənistan isə dəvət olunmuşdu – red.).
Seçildikdən ancaq üç ay sonra, 23 aprel 2021-ci ildə Bayden Ərdoğana zəng etdi. Və ertəsi gün prezident Co Bayden çıxışında “erməni soyqırımı” ifadəsini səsləndirdi.
Ancaq bir daha deyirəm – bu şəxsi məsələdir. Ümumiyyətlə, ABŞ Türkiyənin əhəmiyyətini yaxşı dərk edir. Qərbin həm Qara dəniz regionunda, həm də Ukraynaya silah tədarükündə Türkiyənin dəstəyinə ehtiyacı var və s.
– Və sonuncu sual Azərbaycanla bağlıdır. Filosof Tomas Hobbsdan sitat gətirsək, demək olar ki, “hamı hamıya qarşı” qarşıdurmasının mərkəzindəyik…
– Elə indi Azərbaycan əslində çox uğurlu siyasət aparır. Siz 2020-ci il müharibəsində qalib ölkəsiniz. Bakı həm də işğal etdiyi torpaqları azad etməklə Rusiya ilə münasibətlərini də riskə atmadı. Eyni zamanda Azərbaycan Türkiyədən maksimum siyasi dəstək aldı.
Bundan əlavə, Azərbaycan Qərblə hərbi-siyasi münasibətlərini təbii ki, Türkiyənin də köməyilə inkişaf etdirir. Bu sizə əlavə güc verir. Amma Rusiya da Azərbaycanla münasibətlərini yenidən nəzərdən keçirir və hazırda bu, “plyus”la işarələnib. Prezident İlham Əliyev uğurla manevr edir və Azərbaycan öz məqsədlərinə çatır.
Əgər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından danışırıqsa, o zaman israrla öz tələbləri üzərində dayanmaqla və müxtəlif tərəfdən Ermənistana təzyiq göstərməklə Azərbaycan yavaş-yavaş da olsa, inamla istədiyinə nail olur.
Nair Əliyev