• Şb. Noy 23rd, 2024

“Kanadanın Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkkürüdür” – ŞƏRH + FOTO

ByYenigun.news

Okt 30, 2023


“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarını ciddi narahat edir. Bu səbəbdən də bir sıra ölkələrin hökumət nümayəndələri Ermənistana səfər edərək Azərbaycanın əleyhinə bəyanatlar səsləndirirlər. Kanada xarici işlər naziri Melani Coli də Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı siyasətinə məruz qalıb. Ermənistanın ərazilərimizi onilliklər ərzində işğal altında saxlaması və bir milyondan çox insanı öz torpaqlarından qovması, onların evlərini, digər infrastrukturu tamamilə məhv etməsi beynəlxalq cinayətdir:

“Amma nədənsə Kanada və digər ölkələr bütün bunlara görə Ermənistanı ittiham etmədilər. Əksinə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi onları narahat edir. Bu o deməkdir ki, həmin ölkələr üçün beynəlxalq hüquq heç bir məna kəsb etmir, onlar müəyyən maraqlar çərçivəsində siyasət yürüdürlər.

Kanada xarici işlər nazirinin açıqlamaları isə onun bölgədəki proseslərdən xəbərdar olmadığını göstərir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. Xanım Colinin Ermənistanın Azərbaycanla şərti sərhəddə döyüş mövqeyinə gələrək binoklla ərazilərimizi müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir”.

Sevinc Fətəliyevanın fikrincə, nazirin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Kanada ilə ABŞ-nin hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Eyni zamanda, aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri etnik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.

“Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-nin bu missiya daxilinə öz “vassalı”nı yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı”nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Azərbaycan Kanada kimi ölkələrin hansısa sanksiya hədəflərindən çəkinəcək dövlət deyil. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır”, – deyə deputat vurğulayıb.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir