• Be. Noy 25th, 2024

“Laçın işğal olunanda səfərbərlik yox dərəcəsində idi” – RƏY

ByYenigun.news

Avq 22, 2022

“Torpaqlarımızın işğaldan azad olunmasını və bu qələbənin sevincini bizə yaşadan qətiyyətli Ali Baş Komandan İlham Əliyev başda olmaqla müzəffər ordumuz olub. Hazırlıq işləri, maddi və texniki cəhətdən təminatın güclü olması və dövlətin ağıllı siyasətlə idarə olunması qələbəni şərtləndirən əsas amillərdəndir. Əgər düzgün siyasət həyata keçirilməsəydi, müharibədə qalibiyyət əvəzinə məğlubiyyət olardı və biz bunu 1993-cü ildə yaşamışıq. Həmin dövrdə ordumuz, demək olar ki, yox vəziyyətində idi. Çünki təzə yaranmış orduda səhvlər də çox idi”.

Bu sözləri “Report”a açıqlamasında Laçın ictimaiyyətinin nümayəndəsi Qəzənfər Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda o zaman mövcud olan Xalq Cəbhəsinin yaratdığı hərbi dəstələrin içərisində ən nizam-intizamlı birləşmə Laçın alayı idi:

“Onlar sonradan Kəlbəcər istiqamətində Laçının kəndlərinin azad edilməsi və az qala Laçının kəndlərinin geri götürülməsi məsələsinə qədər, həqiqətən də, qəhrəmanlıq göstərdilər. Mən bütün bunların hamısının şahidiyəm. Orada siyasi məsələlər var idi: hakimiyyətdə hərc-mərclik, ordunun vahid mərkəzdən idarə edilməməsi. Hətta Qarabağın digər rayonlarında üç-beş alay var idi ki, hərəsi bir adama tabe idi. Bizdə, şükür ki, o proseslər getmədi. Təkcə Laçın qorunmalı deyildi. Çünki Laçın ölkənin sərhədi idi”.

Laçın sakini xatırladıb ki, Şuşa işğal olunandan sonra Laçın iki tərəfdən düşmən qüvvələrinin əhatəsində qalıb və hər iki tərəfdən rayona artilleriyadan hücum edilib:

“Digər tərəfdən də hərbi ordu Laçına girdi. O zaman həm də səfərbərlik də yox dərəcəsində idi.

1941-1945-ci illərdə, İkinci Dünya müharibəsi dövründə Azərbaycanda üç milyona yaxın əhali var idi. Bunun da 23%-i hərbiyə çağırılmışdı. Onların da demək olar ki, yarısı müharibədə həlak oldu. Azərbaycan müstəqil olanda isə respublika üzrə hərbi çağırış 1%-dən bir az artıq idi. Heç Laçının özündə də kifayət qədər deyildi. Bunu da dövlət etməli idi. O vaxt vəziyyət pis idi, rayon strukturlarının əli-qolu bağlanmışdı. Yalnız sərhədlərin qorunmasına gücü çatırdı”.

Q.Hüseynov bildirib ki, bu gün hamı sevinc içərisindədir:

“Çünki dövlət həmin dövlət deyil. Dövlət başçımız isə çox qətiyyətli birisidir, güclü komandandır. 44 günlük müharibədə hər şey göz qabağında oldu. Laçın işğaldan azad olunub. 75 yaşım var və üç dəfə ora getmişəm. Ora gedəndə məndən daim məsləhət alırlar, çünki oranın bütün kəndlərini, yaylaqlarını yaxşı tanıyıram. Ermənilərin xisləti bizə məlumdur. Onlar düşməndirlər. Tək müharibə ilə də iş bitmir. Müharibədən sonrakı dövrdə ideoloji məsələlər, dövlətin möhkəmlənməsi və s. nüanslar Azərbaycanın gələcəyi üçün lazımdır. Bu yaşımda ailəmlə Laçına köçməyi səbirsizliklə gözləyirəm. Baxmayaraq ki, evim xarabalığa çevrilib, kahada yaşayası olsam da, yurdumuza qayıtmaq istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir