• Bz. Noy 24th, 2024

Laçın, sən azadsan!

ByYenigun.news

Avq 26, 2022

10 noyabr 2020-ci il tarixində Rusiyanın iştirakı ilə özündə doqquz bəndi əks etdirən bəyanatın imzalanması bir tərəfdən Ermənistanı kapitulyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun  gücünü bütün dünyaya nümayiş etdirdi. 

Bəyanatın daha vacib məqamlarından biri isə insan itkisinin, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir.

Azərbaycan Respublikasının əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, ölkənin suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığın uzunmüddətli prosesə çevrilməsidir. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir.

İmzalanmış bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı anlaşmanın qəbul olunması bu ərazilərdən didərgin salınmış həmvətənlərimizin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım idi.

Bu dəhliz eyni zamanda bundan sonra xalqlar arasında sosial, mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və rifah içində yaşamalarına şərait yaradacaqdır. 

Lakin, görürük ki, xalqların təhlükəsiz şəraitdə, sülh içərisində birgə yaşamasına töhfə olacaq yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistan tərəfi öz ərazisindən keçən hissənin tikintisini heç bir səbəb olmadan uzadır. Bu, Ermənistanın hər zaman olduğu kimi həm beynəlxalq müstəvidə, həm də 10 noyabr bəyanatına əsasən götürdüyü öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasının bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, o cümlədən humanizm, yüksək mədəniyyət, konstruktivlik nümayiş etdirərək yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərini nəzərə aldı, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4,7 km-lik müvəqqəti yolun istifadə olunmasına razılıq verdi. Sözsüz ki, yerli erməni əhalisi baş verən proseslərin şahidi olaraq bundan sonra Azərbaycanın irəli sürdüyü şərtlər altında azərbaycanlılarla sülh içərisində yaşamaqda öz mənafelərini görürlər.

26 avqust 2022-ci il tarixində Prezident İlham Əliyevin “Twitter” hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan İlham Əliyevə edilmiş məruzə, ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün  şərait yaradacaq.

Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir. 

Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu.

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir