• Ç. Noy 27th, 2024

Laçının deputatı: “Prezidentin qayıdış xəbərini verməsi bizim üçün böyük sevincdir, xoşbəxtlikdir” – FOTO

ByYenigun.news

Avq 13, 2022

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası nəzərdə tutulmuşdu. Azərbaycan üç il ərzində bu yeni hərəkət marşrutunun inşasını öz üzərinə götürmüşdü. Artıq ölkəmiz tərəfindən yeni yolun çəkilməsi başa çatdırılıb”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, qanunverici orqanda Laçını təmsil edən deputat Mahir Abbaszadə deyib.


Onun sözlərinə görə, Azərbaycanın inşa etdiyi yeni yol dünya standartlarına tam uyğundur: “Ölkəmizin müvafiq qurumları bir ildən çox müddət idi ki, bu yolun çəkilişi ilə məşğul olurdu. Ermənilər özləri də etiraf edirlər ki, yeni yol yüksək səviyyədə çəkilib. Prezident İlham Əliyev ötən gün AzTV-yə verdiyi müsahibədə qeyd etdi ki, nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Həqiqətən də elədir. Ermənistan tərəfi bu yolun çəkilişi zamanı müxtəlif təxribatlara əl atırdı. Onlar yeni yolun təhlükəli olduğuna dair təbliğat işləri aparırdlar. Ancaq onların nə danışmağından asılı olmayaraq sonda Azərbaycanın dediyi oldu. Biz artıq yeni yolun çəkilişini yekunlaşdırmışıq. Dövlət başçısının mətbuata verdiyi məlumatdan da görünür ki, yaxın zamanlarda Laçın şəhəri, Sus, Zabux kəndlərində fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin postları köhnə yoldan yeni yola keçiriləcək. Belə olduğu təqdirdə isə Laçın şəhəri, Sus, Zabux kəndləri yenidən Azərbaycanın nəzarətinə keçəcək”.

Deputat xatırladıb ki, işğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən qanunsuz məskunlaşma həyata keçirilmişdi: “Laçın şəhəri, Zabux və Sus kəndlərinə Suriyadan, Livandan gətirilmiş ermənilər qanunsuz olaraq yerləşdirilmişdi. Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına və müvafiq konvensiyalara ziddir. İndi onlar Azərbaycanın həmin ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu da gecikdirməyə çalışırdı. Lakin Azərbaycanın qəti mövqeyi bir daha göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə zaman-zaman nail oluruq”.


M.Abbaszadə laçınlıların öz ata-baba yurdlarına əbədi qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirib: “Prezident İlham Əliyevin “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət “qaçqınkom”a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq” sözləri laçınlılar üçün böyük sevincdir. Biz xoşbəxtik ki, dövlət başçımız belə bir gözəl, əhəmiyyətli xəbəri verdi. Azərbaycanın bugünkü günləri ölkəmizin gələcək inkişafından xəbər verir. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində keçmiş məcburi köçkünlər yaxın vaxtlarda öz ata-baba yurdlarına əbədi qayıdacaqlar və orada yaşayıb-yaradacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir