Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvan səfəri çərçivəsində bir sıra bəyanatlarla çıxış edib.
Rusiya diplomatiyasının rəhbərinin bəyanatları arasında Xocalının Fərrux yaşayış məntəqəsi ilə bağlı sözləri xüsusilə diqqət çəkib. XİN rəhbərinin çıxışını “maraqlı” edən məqam onun diplomat kimi sahib olduğu postla heç cür uzlaşmayan cılız, bəsit və bir o qədər də düşünülməmiş fikir səsləndirməsi olub.
Belə ki, S.Lavrovun İrəvanda Xocalının Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyətin Rusiya hərbçiləri üçün prioritet təşkil etdiyini söyləməsi olduqca təəccüblü və müəmmalı olsa da, nazirin növbəti cümləsi onun çıxışını bir qədər də qəlizləşdirib.
Rusiya XİN rəhbəri hesab edib ki, müvafiq məsələyə artıq başlanan delimitasiya prosesi çərçivəsində baxılacaq və öz həllini tapacaq. Elə bu son sözlər Rusiya diplomatiyasına rəhbərlik edən təcrübəli diplomatla bağlı olduqca vacib suallar doğurub.
İlk növbədə S.Lavrov “unudub” ki, delimitasiya prosesi iki ölkənin sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələdir və Xocalının Fərrux kəndi dövlətlərarası sərhəddən olduqca uzaqda yerləşir. Yəni Fərrux yaşayış məntəqəsi ilə delimitasiya prosesi arasında kiçicik belə əlaqə yoxdur.
Rusiyalı diplomatın öz postuna və təcrübəsinə yaraşmayan və sual altında qoyan bu cür ifadə səsləndirə bilməsinin arxasında isə yalnız iki məqamın dayanması mümkün ola bilər. Bunlardan birincisi S.Lavrovun zəif coğrafi bilikləri, beynəlxalq hüquqdan anlayışının məhdud çərçivəyə əsaslanması və özünəməxsus lovğalıqla media qarşısına bəhs edəcəyi mövzudan bixəbər çıxmaqdan çəkinməməsidir. Sadə şəkildə desək, bu cür ifadəni bir diplomatın səsləndirməsi üçün o, ən yaxşı halda savadsız olmalıdır.
S.Lavrovla bağlı vəziyyətdə isə savadsızlığın, yoxsa digər bir məqamın ön plana çıxdığını söyləmək olduqca mürəkkəb məsələdir. Həmin məqam Lavrovun bu cılız və kökündən yanlış fikri bilərəkdən səsləndirməsi halında aktuallıq qazana bilər.
Təbii ki, Rusiya kimi bir dövlətin öz xarici siyasətini etibar etdiyi şəxsin bu cür savadsız fikir səsləndirməsi təəccüb doğurmaya bilməz. O zaman rusiyalı nazirin nitqində Xocalının və delimitasiya sözlərinin yan-yana gəlməsində qərəz, provokasiya axtarmaqda qeyri-təbiilik yoxdur.
Rusiyalı nazir bununla ölkəmizə qarşı separatçı fikirlərə üstüörtülü dəstəkmi ifadə edir, yoxsa ermənilərə özünü sevdirmək üçün bilərəkdən İrəvanda Ermənistan XİN-in binasında onların könlünü oxşayacaq fikirlər səsləndirir?
Hərçənd, hər iki halda da Sergey Lavrov aşkar şəkildə öz tribunasından təxribat üçün istifadə etmiş sayılmalıdır. Çünki Lavrovun sözləri ilk növbədə Rusiyanın müttəfiqi olan bir ölkənin ərazi bütövlüyünə aşkar şəkildə hörmətsizlikdir. Əgər Sergey Lavrov şüurlu şəkildə belə bir cümlə qurmaq ixtiyarını özündə görübsə, demək ki, məsələnin arxasında tamam fərqli mətləblər dayanıb. Burada süni gərginlik yaratmaqdan tutmuş ermənilərə “şirin görünmək” cəhdinə qədər uzanan onlarla versiyanı seçmək və əsaslandırmaq mümkündür.
İstənilən halda Sergey Lavrov İrəvanda Rusiya diplomatiya tarixinə düşməyə haqq qazanıb. Onun adının Şimal qonşumuzun diplomatiya tarixində savadsızlığı və məlumatsızlığı, yoxsa şüurlu təxribatı ilə qalacağını isə demək çətindir.
S.Lavrovun bu cür duruma düşməsinin səbəblərini isə Rusiya dövləti özü araşdırmalıdır. Hər halda XİN rəhbəri vəzifəsini daşıyan bir diplomatın olduqca həssas prosesləri şərh edərkən məlumatsız olması və ya aşkar təxribata əl atması ilk növbədə onun təmsil etdiyi dövlətin maraqlarına xələl gətirir. Odur ki, S.Lavrov şüurlu və ya şüursuz şəkildə, ən yumşaq şəkildə desək, səhvə yol verib.
Lavrovun bəhs etdiyi bölgədə heç bir delimitasiya prosesindən söhbət belə gedə bilməz. Lavrov kimi “Fərrux” və “delimitasiya” sözlərini yan-yana gətirənlər isə bu fikrin cılızlığı altında yalnız özlərini xoşagəlməz duruma sala, nüfuzlarına sarsıdıcı zərbə vura, dövlətləri qarşısında daşıdıqları öhdəliklərə və sahib olduqları posta ləkə sala bilərlər.
Orxan Tağıyev