Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri müəyyənləşib.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsində əksini tapıb.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
– müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;
– müvafiq sahənin inkişafını təmin etmək;
– müvafiq sahədə normativ hüquqi bazanın formalaşdırılmasında iştirak etmək;
– təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görmək;
– təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadəni təmin etmək;
– təhsil proqramları vasitəsilə təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və səriştələrin aşılanmasını, onların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanmasını təmin etmək;
– təhsilverənlərin peşəkarlığının davamlı şəkildə artırılması işini təşkil etmək;
– təhsilalanların milli-mənəvi dəyərlər, vətənpərvərlik və azərbaycançılıq ideyaları ruhunda tərbiyə olunması istiqamətində tədbirlər görmək;
– müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.
Qeyd edək ki, Dövlət Agentliyi məktəbəqədər və ümumi təhsil sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin (bundan sonra – təhsil müəssisləri) fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.