Milli Məclisin deputatı Fazil Mustafaya qarşı çərşənbə axşamı paytaxtın Sabunçu rayonunda – yaşadığı evin qarşısında sui-qəsd olub. Hələlik kimliyi bəlli olmayan cinayətkar avtomat silahdan açdığı atəşlə millət vəkilini çiynindən və ayağından yaralayıb.
“Kaspi” qəzeti məsələ ilə bağlı məqalə dərc edib.
Hadisədən dərhal sonra Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu millət vəkilinin güllələndiyi ərazidə olublar. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat axtarış tədbirləri başlayıb. Dövlət Təhlükəsizliyi Xidməti isə hadisəni terror aktı kimi qiymətləndirib. Bu barədə yayılan məlumatda qeyd olunub ki, terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Əgər hüquq-mühafizə orqanları baş vermiş hadisəni terror aktı kimi qiymətləndirirsə, demək ki silahlı insidentdə hədəf sadəcə millət vəkili F.Mustafa olmayıb. Parlamenti təmsil edən şəxsə qarşı atılan güllənin hədəfində həm də Azərbaycan dövləti, onun müstəqilliyi, daxili və xarici siyasətidir. Bu mənada terror aktını təşkil edənlərin məqsədləri və hədəfləri daha böyükdür.
Mövzu ilə bağlı fikirlərini bölüşən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, DTX-nın başlatdığı cinayət işində sui-qəsdin məhz terror məqsədilə törədildiyi əks olunub:
“Müvafiq qurum hadisənin terror aktı olması qənaətinə gəlibsə, yəqin bunun üçün ciddi arqumentlər var. Əgər hadisə ailə-məişət və sair zəmində baş versəydi, o zaman başqa maddələrlə cinayət işi başlanılardı. Deputat Fazil Mustafanın ictimai-siyasi fəaliyyəti göz önündədir. O, həm intellektual cəhətdən cəmiyyətin maariflənməsinə xidmət edir, həm də cəmiyyəti narahat edən problemləri dilə gətirir. Xüsusən də xaricdən ölkəmizə “idxal olunan” cəhalətə qarşı açıq mübarizə aparır. Bu fəaliyyətinə görə Fazil Mustafa Azərbaycanda cəhaləti təbliğ və təşviq edən, xüsusən İrandan maliyyələşdirilən, yönləndirilən qrupların daim hədəfinə çevrilirdi. Ona görə də ilk ağıla gələn versiya budur ki, deputata qarşı terror aktını məhz həmin qüvvələr törədib”.
Ə.Məmmədli qeyd edib ki, törədilən istənilən cinayət hadisəsində hüquq-mühafizə orqanları bir çox ehtimalları qiymətləndirirlər: “Bu ehtimalların birbaşa düzünə görünən tərəfləri, yaxud onun göstərilməsini istəyən qüvvələr ola bilər. Birbaşa şübhəli kimi görünən tərəflərdən əlavə, ola bilsin, üçüncü qüvvələrin də izinə düşülsün. Bütün hallarda bir dövlət səlahiyyətlisinə yönəlik məlum hadisənin baş verməsi onu deməyə əsas verir ki, terror aktının törədilməsində ictimai asayişi pozmaq, cəmiyyətdə müəyyən qorxu yaratmaq niyyətləri var. Belə niyyətləri həyata keçirmək istəyənlərin, təşkilatçıların, icraçıların yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağına ümid edirəm”.
Hüquqşünas deyib ki, son terror aktına qədər də Azərbaycanda ayrı-ayrı vəzifəli şəxslərə qarşı terror hücumları olub:
“Yazıçı Rafiq Tağının da ölüm fətvası İrandan verilmişdi. 2011-ci ildə o, sui-qəsdə məruz qaldı, aldığı yaradan xəstəxanaya yerləşdirilsə də, səhiyyə müəssisəsində naməlum şəraitdə öldü. Bu hadisənin törədilməsi zamanı da ip ucları İranı göstərirdi. Akademik Ziya Bünyadova qarşı sui-qəsddə də İran izi var idi. Azərbaycanın dövlət xadimləri Afiyəddin Cəlilov, Şəmsi Rəhimovun qətlə yetirilməsi də terror aktı idi. Müstəqillik tariximizdə çoxsaylı belə hallar olub. O zaman xaricdən gələn təhlükələri müəyyən səbəblərdən barmaqla göstərməmişik. Amma 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın üzərinə açıq şəkildə hərəkətə keçən İranın xarici siyasəti, hərbi ritorikası, təhdidləri Azərbaycanın da buna adekvat siyasət həyata keçirməsinə səbəb olub. İrandakı səfirliyimizə edilən silahlı hücum, Tehranın bundan sonrakı davranışları sübut etdi ki, cənub qonşumuz Azərbaycana yönəlik belə hadisələrdə heç də obyektiv hüquqi araşdırma aparmağa meyilli deyil. Məhz bu kimi səbəblərə görə deputat Fazil Mustafaya qarşı sui-qəsd hadisəsində də əsas şübhəli İran göstərilir”.
Ə.Məmmədli müstəqillik tariximizdə yaşanan oxşar hadisələri və ondan sonrakı dövlət siyasətini xatırladaraq əlavə edib ki, bu cür terror aktları ilə Azərbaycanı öz yolundan, milli maraqlara söykənən müstəqil siyasətindən döndərmək mümkün deyil:
“Terror mahiyyət etibarilə hər zaman siyasi hakimiyyəti və cəmiyyəti qorxutmaq, nələrdənsə çəkindirmək niyyəti ilə törədilir. Müasir dövrdə sadəcə Azərbaycanda deyil, qonşu Türkiyədə də oxşar terror aktları baş verir. Lakin terror heç zaman bu formada öz məqsədinə çata bilməz. Əgər terror öz məqsədinə çatsaydı, o zaman hər kəs tərəfindən bir vasitə kimi düşünülərdi. Tam əksinə, bu kimi yanaşmalar həm dövlətin immunitetini gücləndirir, sistemli önləyici tədbirlər almasını sürətləndirir, cəmiyyət-dövlət münasibətlərini inkişaf etdirir, həm də insanların qəzəbini tətikləyir. Bu baxımdan terror insanlığa, bəşəriyyətə qarşı ən mənfur aksiyadır. Ümumən terror nəticəsiz aksiyadır, heç zaman hədəfinə çata bilməz”.