“Müharibə başlayanda mən rabitə üzrə bölük komandiri kimi xidmət edirdim. Müvafiq əmrə əsasən, döyüşlər başlayanda biz əmin idik ki, qalib olacağıq. İlk tapşırığımız Füzuli istiqamətində rabitənin təmin edilməsi oldu. Ümumiyyətlə, döyüşlərin ürəyi rabitədir”.
Oxu.Az 44 günlük Vətən müharibəsi iştirakçısı mayor Şahin Əzizov ilə müsahibəni təqdim edir:
– Neçə ildir orduda xidmət edirsiniz?
– 34 yaşım var və artıq 17 ildən çoxdur ki, Azərbaycan Ordusunda xidmət edirəm.
– 2020-ci il Vətən müharibəsi başlayan zaman sizin döyüş bölgəsinə getməyiniz necə baş verdi?
– Mənim vəzifəm rabitə üzrə bölük komandiri idi. Hamı kimi biz də torpaqlarımızın işğaldan azad olunmasını səbirsizliklə gözləyirdik. Cənab Ali Baş Komandanın müvafiq əmri ilə Füzuli istiqamətində rabitə üzrə döyüş idarəetməsi bizə tapşırıldı. Deyə bilərəm ki, hətta döyüşün ilk günündən əmin idik ki, biz artıq qalib orduyuq. Biz verilən döyüş tapşırığını icra etmək, daha doğrusu rabitə üzrə idarəetməni təmin etmək məqsədilə təyinat nöqtəsinə yollandıq. 44 gün davam edən döyüşlərdə çox maneələrlə rastlaşdıq.
– Ümumiyyətlə, rabitəni qurarkən sizə çətinlik yaradan məqamlar nə idi?
– Əvvəlcə onu deyim ki, rabitə döyüş zamanı idarəetmənin ürəyidir. O olmasa, döyüşü aparmaq mümkün deyil. Ordumuzun dəstələri ilə zəruri rabitə əlaqəsini qurarkən istər düşmənin, istərsə də relyef olaraq ərazi baxımından müxtəlif maneələrlə qarşılaşırdıq. Bununla bağlı bizim döyüşdən öncə çox təlimlərimiz olmuşdu. Həmin təlimlərdə maneələri hansı formada, operativ şəkildə aradan qaldırmaq lazım olduğunu biz öyrənmişdik.
Bizim rabitənin idarəetməsi üzrə standartlara cavab verən keyfiyyətli avadanlıqlarımız var. Əvvəlki dövrlərlə müqayisədə bu gün ordumuzun təminat və təchizatı ilə bağlı vəziyyət yüksək səviyyədədir. Bu səbəbdən də rabitə əlaqəsi çox keyfiyyətli və tam məxfi şəkildə təmin edilirdi. Süni maneələr bizim rabitə yaratmağımıza mane ola bilmirdi.
– Rabitə döyüş zamanı ən önəmli məsələdirsə, o zaman siz döyüş vaxtı düşmənin ilk hədəfi sayılırsınız, elə deyilmi?
– Düşmən qarşısında Azərbaycan Silahlı Qüvvələrinin olduğunu unudurdu. Koordinat üzrə sərrast atışlardan məsul rabitəçi hərbçilərimiz də dəqiq çalışırdılar. Əsas məqsədimiz Şuşaya gedib çıxmaq idi. Şuşaya kimi bizim qarşımıza çox maneələr çıxdı. Əslində düşmən bizi başqa istiqamətdən gözləyirdi, amma biz Şuşaya Xocavənd istiqamətində meşələrin içindən gedirdik. Bizim əlimizdə olan rabitə vasitələrinin əsas daşınma marşrutu bu yollardan idi. Xocavəndin meşələri çox sıxlıq idi. Meşəlik ərazidə qarşımıza çıxan maneələr, rabitə əlaqəsini qurmaq üçün çətinlik yaradırdı. Rabitə əlaqəsini təmin etmək üçün mütləq yüksək və açıq ərazi lazım idi. Biz qarşımıza çıxan maneələrə baxmayaraq, dayanıqlı rabitə əlaqəsini təmin edə bildik.
– Bəs rabitə əlaqəsində qırılmalar olurdumu?
– Mən deyərdim ki, qırılmalar olmurdu. Çünki biz qarşıda gedən qüvvələrimizlə əsas komandanlıq arasında dayanıqlı rabitə əlaqəsini yaratmalı idik. İstifadə etdiyimiz rabitə avadanlıqları ən son rəqəmsal cihazlar olduğu üçün kənar müdaxilələr, əlaqəni kəsəcək hər hansı siqnalları avtomatik şəkildə dəf edirdi.
Hətta belə bir fikir də deyim ki, müharibə dövründə radioelektron mübarizə aparırdıq. Belə ki, biz xüsusi texnika ilə düşmənin əlində olan rabitə avadanlıqlarına siqnallar ötürüb, fəaliyyət sxemini qarışdırır, süni maneələr yaradırdıq. Düşmən idarəetməni itirirdi, rabitə sistemləri sıradan çıxırdı. Düşmən artıq heç bir məlumat ötürə bilmirdi, erməni silahlı dəstələri kimin harada olduğunu bilmirdi. Düşmən başa düşürdü ki, bir komandir ki, şəxsi heyətini idarə edə bilmirsə, o qalib gələ bilməz. Hətta o ordu məğlub olmağa məhkumdur.
– Düşmənin əsas, önəmli radiostansiyaları hansı istiqamətlərdə idi?
– Biz irəlilədikcə düşmən öz mövqelərindən qaçırdı. Meşəlik ərazidə ən çox Sığnaq, Çanaqçı meşələrində olan düşmən qüvvələrinin qruplarına məxsus baş radiostansiyaları məhv etmişdik. Onların əlindəki rabitə avadanlıqları artıq yararsız halda idi.
Bizim ordunun rabitə sistemləri onlardan çox-çox müasir idi. Hətta deyərdim ki, düşmənin radiomübarizə texnikası çox köhnə və zəif idi.
– Tarixi dəyişən 44 günlük Vətən müharibəsində iştirak necə hissdir?
– Bilirsiniz, döyüş zamanı yüksəkrütbəli şəxslər əsgərlərlə çiyin-çiyinə irəliləyirdilər. Hər kəs vətən uğrunda döyüşürdü. Rütbəli zabitlərimiz, polkovniklərimiz, generallarımız bizdən bir addım öndə gedirdilər. Düşmənin zabitləri isə arxada gedirdilər.
Sırf rabitə əlaqəsindən məsul şəxslər bizdən öndə gedirdilər, biz onların arxasında irəliləyirdik. Hər dəfə döyüş tapşırığı yerinə yetirilən yeni mövqeyə gedərkən, orada rabitə qurarkən, Azərbaycan bayrağının dalğalandığını görürdük. Bu, çox sevindirici hadisədir. Hər kəs səbirsizliklə gözləyirdi ki, düşmənin mövqelərini məhv edib orada da üçrəngli bayrağımızı dalğalandıraq.
Mənim ən böyük arzularımdan biri Şuşaya çatmaq, qələbəni orada Gövhər Ağa məscidində namaz qılaraq qeyd etmək idi. Allah bunu mənə və digər zabitlərimizə nəsib etdi. Biz tarixi qələbəmizə görə göydə Allaha, yerdə Ali Baş Komandanın rəhbərliyi altında Vətən uğrunda döyüşən Azərbaycan Silahlı Qüvvələrinin hər bir nümayəndəsinə minnətdarıq. Şəhidlərimizin ruhu şad olsun, ailələrinə Allah səbir versin.
– Şuşada rabitə əlaqəsi qurarkən düşmənin pilotsuz uçuş aparatı tərəfindən izlənirdiniz. Bəs sonra nə baş verdi?
– Bəli. Şuşada ən yüksək mövqelər arasında teleqüllə deyilən bir yer var. Bizə əmr olunmuşdu ki, orada rabitə əlaqəsini quraq. Lakin biz əlaqə yaratmağa çalışanda görürdük ki, başımızın üstündə düşmənin pilotsuz uçuş aparatı var. Onlar bizi izləyirdilər, dəqiq koordinatlarımızı bilirdilər. Düşmənin dəqiq atışları yox idi, o qədər zəif idilər ki, biz izlənilməkdən belə qorxmurduq. Bilirdik ki, düşmən bizi görür, bilir və bizi vurmaq istəyir. Hətta bir neçə dəqiqə sakitlikdən sonra biz olduğumuz yeri vurmağa başladılar. Amma artilleriya cəhətdən o qədər qeyri-peşəkar idilər ki, hədəf olaraq bizi vura bilmirdilər. Atdıqları mərmilər bizdən 150-200 metr aralı düşürdü. Başa düşürdük ki, bizi vurmaq istəyirlər, amma alınmır. Bizdə qorxu hissi yox idi. Biz görürdük ki, pilotsuz uçuş aparatından düşmən bizi izləyir. Amma fikrimiz yalnız irəlidəki dəstələrimizlə rabitə əlaqəsi yaratmaq idi. Maksimum 15-20 dəqiqə ərzində dayanıqlı rabitə əlaqəsi qurulmalı idi.
– Daşaltı istiqamətində hansı tapşırıqları almışdınız?
– Bir mövqe var idi ki, meşəli ərazi idi. Daşaltı istiqamətinə gələndə orada düşmənin görüş bucağına yaxın idik. Bizim başqa dəstəmizin bəzi texnikaları vurulmuşdu. Bizə təcili komanda gəldi ki, gözləyək. İrəli getmək olmaz. Biz əmri yerinə yetirərək gözləmə mövqeyi tutduq. Artilleriyamızın düşmən hədəfini məhv etməsini gözlədik. Xüsusi Təyinatlı Qüvvələrdən ibarət qruplar hər kəsdən irəlidə idi.
Onlar Şuşaya girib bizim rabitə əlaqəsini qurmağımızı gözləyirdilər. Bizim öncədən gizli çağırış adlarımız var idi. Kodlaşma ilə bizim bir saat gözləmə mövqeyində qalmağımız tapşırıldı. Lakin polkovnik Nazim Xankişiyev irəli atılaraq getməli olduğumuzu dedi. Biz düşmən atəşindən yanan maşınları, alovu, qapqara tüstünü görə-görə irəli getdik. Yəni biz ölümə qorxusuz getdik. Polkovnik belə bir söz dedi: “Biz ölsək də, qalsaq olar, amma tapşırıq yerinə yetirilməlidir! Şuşada bizi gözləyirlər, yubana bilmərik”.
Biz onları ölümə buraxa bilməzdik, dərhal irəlilədik, rabitə üzrə texnikalarımızı bir neçə maşına yükləyib Şuşaya çatmağa çalışdıq. Şuşaya daxil olanda artıq noyabrın 6-sı idi. Ayın 8-də isə qələbə sevincinin xəbərini aldıq.
– Heç olub ki, düşmən bizim rabitə əlaqəmizi dinləyə bilsin?
– Bir-birimizlə rabitə əlaqəsi qurarkən xüsusi üsullardan istifadə edirdik. Bütün bunlar bizə təlimlərdə öyrədilib. Düşmən eşitsə belə, bizi başa düşə bilməzdi. Amma düşmən bizim danışıqlarımıza heç vaxt qulaq asa bilməzdi. Çünki rabitə avadanlıqları yüksək şəkildə modernləşdirilib. Kənar şəxslər, düşmən bizim danışıqlara müdaxilə edə, dinləyə bilməz.
Bir sözlə, bizim təminatımız yüksək səviyyədədir. Bu gün də ordu sıralarında xidmətimiz davam edir. Hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırıq.
– 44 gün ərzində rabitə avadanlıqlarında nasazlıq oldumu ki, tapşırığı yerinə yetirə bilməyəsiniz?
– Bir neçə dəfə rabitə vasitələrində öz daxili texniki problemləri olurdu. Müəyyən nasazlıqlar yaranırdı. Sizə deyərdim ki, Füzuli, Cəbrayıl, Şuşa istiqamətində rabitə vasitələrinin nasazlığını dərhal yerində aradan qaldırmaq üçün bizim peşəkar texniklərimiz var. Ən qısa zamanda yaranan problem aradan qaldırılır. Hər hansı detalla bağlı problem olanda isə döyüş gedə-gedə modifikasiya olunub yenidən döyüş bölgəsinə qaytarılırdı.
– Bəs ailənizlə nə zaman əlaqə yarada bildiniz?
– Mənim müharibəyə getməyimi evdən bilmirdilər. Mənim evimdə ağır xəstə adam var, yol verə bilməzdim ki, o, stres keçirsin. Mən Vətən müharibəsinə 10 gün gec qoşulmuşam. Ailədə iki qardaşıq. Özüm də ailəliyəm. Nə anamgil, nə də öz ailəm 34 gün ərzində məndən xəbər ala bilməyiblər. Mənim xidmətim rabitə idi və mən kiçik bir səhvə belə yol verə bilməzdim. Bir zəng bütün dəstəni, mövqeyimizi riskə ata bilərdi. Mən ailəmlə noyabrın 8-də əlaqə saxladım və Şuşada olduğumu dedim.
Yenə də həyəcan keçirdilər, amma əsas odur ki, salamat olduğumu dedim. Mən hərbiyə başlayanda anama dedim ki, bu günə qədər sənin övladın idim, artıq Vətənin oğluyam. Anam hərbçi anası, yoldaşım da hərbçi yoldaşını olduğunu qəbul edib. Onlara çətin ola bilər, amma mən bu forma ilə fəxr edirəm. Onlar da mənimlə fəxr etsinlər deyə əlimdən gələni etmişəm, bundan sonra da edəcəyəm. Vətən sağ olsun!
– Müharibədə iştiraka görə təltif olunmusunuzmu?
– Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə 44 günlük Vətən müharibəsində iştirakıma görə “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşam. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişəm. Mən formanı, hərbini çox sevirəm. Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. Mən fəxr edirəm ki, hərbçiyəm və bu gün çox sevinirəm ki, artıq biz öz məqsədimizə çatmışıq. Bundan sonra yenə də hansısa bir tapşırıq, əmr olarsa, gülə-gülə, ən irəlidə gedən zabitlərdən biri kimi gedərəm.
Könül Cəfərli