“Mənim üçün möhtəşəm bayram idi”.
Oxu.Az xəbər verir ki, bunu 60 illik yubileyini qeyd edən Olimpiya çempionu Zemfira Meftahətdinova Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi yubiley tədbirindən sonra jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Atıcılıq Federasiyasının və MOK-un vitse-prezidenti Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib:
“Göstərilən diqqət və qayğı idmançılar üçün çox önəmlidir. Azərbaycanda idman sevilir və inkişaf edir. Belə gün təşkil etdikləri üçün Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Çox xoş sözlər deyilib. Azərbaycan Atıcılıq Federasiyasına və Daxili İşlər Nazirliyinin rəhbərinə minnətdaram. Məncə, çox şərəfli yol keçmişəm. Çünki dövlət tərəfindən mükafatlar almışam və dostlarım mənə xoş sözlər deyirlər. Çox xoşbəxtəm”.
Z.Meftahətdinova Daxili İşlər Nazirliyində işini yekunlaşdırsa da, Azərbaycan Atıcılıq Federasiyasında və Milli Olimpiya Komitəsində fəaliyyətini davam etdirəcəyini söyləyib:
“Mən həmişə idmandayam. Həyatımı buna qurban verirəm. Bütün idmançılara uğurlar arzulayıram. Onların növbəti Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmələrini və xalqımızı sevindirmələrini istəyirəm. Belə olacağına inanıram”.
O, yubiley tədbirində bütün təbriklərin onun üçün xoş olduğunu əlavə edib:
“Çünki buraya mənim dostlarım yığışıblar. Hamısı da ürək sözlərini dedilər. Bunların hamısı mənim üçün önəmlidir”.
Faiq Tahirov