• Ça. Noy 26th, 2024

Moldova Rusiyanı təhlükə kimi görməlidirmi?

ByYenigun.news

İyn 19, 2022

Moldovanın Qərbin dəstəyinə arxalanıb Dnestryanı məsələsini həll etmək istəyi Kremli ciddi narahat edir. Bu mənada Ukrayna kimi Moldovanın da Qərbə inteqrasiyasının qarşısını almaq, həmçinin Kişinyova gözdağı vermək üçün Rusiyanın Moldovaya hərbi müdaxiləsi mümkündür. 

“Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Rusiyanın Ukraynada apardığı müharibə səngimir və proseslərin necə başa çatacağını proqnoz etmək mümkünsüzdür. Dörd aydır ki, davam edən müharibədə nə Rusiya geri çəkilənə oxşayır, nə də Ukrayna öz ərazilərini güzəştə getməyə razılaşır. Qərb isə sanksiyalarının sayını altıya çatdırsa da, effektiv bir nəticə ortada yoxdur. 

Moldova hakimiyyətinin arzusudur ki… 

Lakin görünən odur ki, bu müdaxilə Rusiyanın nüfuzuna ciddi təsir edir, postsovet məkanının bir çox dövlətləri ondan üz döndərir. Çətin durumda olan dövlətlər sırasında Moldova da var. Bu barədə dəfələrlə yazılıb və müəyyən proqnozlar da səslənib. Sadəcə görünən odur ki, hadisələrin gedişi Moldova üçün yaxşı heç nə vəd etmir. Ukraynaya müdaxilənin hər an bu ölkəyə qarşı da olacağı ehtimal olunur. Xüsusilə də rusiyapərəst İqor Dodonun həbsi bu ehtimalı gücləndirir. Ən əsas məsələlərdən biri də Moldova ərazisində Rusiyanın yaratdığı qondarma Dnestryanı bölgədir ki, bu da Kremlin əsas təzyiq alətidir. Hər an rusdilli əhalinin qorunması bəhanəsi ilə bu bölgədə növbəti münaqişə törədilə və ardınca da müdaxilə ola bilər. Bu səbəbdən də Rusiyanın Ukraynada məğlub olub geri çəkilməsi daha çox Moldova hakimiyyətinin arzusudur. Bu faktdır ki, Rusiya MDB ölkələri içərisində ən çox Moldovaya təsir etmək gücünə sahibdir. Moskva Dnestryanı bölgə, daxildəki ruspərəst qüvvələr üzərindən uzun illərdir Kişinyova təzyiq edir. Bu mənada Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması, ya da “Pirr qələbəsi” qazanması Kişinyovun maraqlarına uyğundur.

Buxarest səfərinin pərdəarxası məqamları

Vəziyyətin gərginliyi Kişinyovu cavab addımları atmağa vadar edib. Yerli medianın yaydığı məlumata görə, Buxarestə səfər edən Moldovanın müdafiə naziri Anatoli Nosatiy rumıniyalı həmkarı Vasile Dinçan ilə ordunun yenidən silahlanması məsələsini müzakirə edib. Bu səfərdən əvvəl isə Nosatiy Kişinyovda ordunun Qərb tərəfdaşlarının köməyi ilə yenidən təchiz edilməsinin zəruriliyindən danışıb. Nazirin səfəri ilə eyni vaxtda Kişinyovda Rumıniya parlamentinin nümayəndəsi İon-Marsel Çiolaku deyib ki, Moldovanın hərbi yardıma ehtiyacı yoxdur, çünki Rumıniya onun qalxanıdır. Rusiya mediası və siyasiləri həyəcan təbili çalaraq Moldova ilə Rumıniyanın birləşməsi məsələsini qabardıblar. Solçu partiyaları iki ölkə arasında münasibətləri qızışdırmağa start veriblər. Rusiyanın Moldovada “beşinci kolonu” rolunu oynayan Qaqauz Muxtariyyəti Xalq Məclisinin sədri Dmitri Konstantinov isə  deyib ki, qaqauzlar Moldovanın silahlandırılmasından narahatdırlar. Onlar qaqauz əhalisinin narahatlığını Moldova mərkəzi hakimiyyət orqanlarının nümayəndələrinə çatdırıblar. “Moldova kiminlə döyüşəcək: bir tərəfdə Rumıniya, digər tərəfdə Ukrayna. Dnestryanı ilə? Yox. Heç kimlə. İnsanlar Moldovaya silah tədarükü ilə bağlı bəyanatlardan narahatdırlar. Ona görə də Kişinyov məsələnin mahiyyətini izah etməlidir”, – deyə Konstantinov bildirib. 

Separatçılar da qorxuya düşüb

Dnestryanı bölgə də Moldovaya ABŞ və digər NATO ölkələrindən mümkün silah tədarükündən narahatdır. Tanınmamış respublikanın “XİN” rəhbəri Vitali İqnatyev bildirib ki, Tiraspol tədarük edilən silahların Dnestryanıya qarşı yönələ biləcəyinə şübhə etmir. Eyni zamanda Moldovanın keçmiş müdafiə naziri, briqada generalı Vitali Marinuta deyib ki, Rumıniya ilə birləşməyin tərəfdarıdır. Amma etiraf edib ki, Moldova əhalisi birləşmək və NATO-ya daxil olmaq məsələsində çoxluğa malik deyil: “Aİ-yə daxil olmağı ölkə vətəndaşlarının 50 faizindən çoxu dəstəkləyir. NATO və Rumıniyaya gəldikdə isə heç 30 faiz yoxdur”. O qeyd edib ki, Rumıniya Moldovanın qalxanı ola bilməz: “Rumıniya NATO ölkəsi olaraq Moldovanın müdafiəsi ilə bağlı müstəqil qərar verə bilməz. Mən özüm Moldovanın müdafiə naziri olarkən  Rumıniya ordusu ilə müqavilə imzalamışam. Amma bu müqavilə Moldova hərbçilərinin hazırlanmasını, birgə hərbi təlimləri nəzərdə tutur. Müqavilədə Rumıniyanın Moldovaya hərbi yardımı ilə bağlı heç nə yoxdur”. Vitali Marinuta deyib ki, Rusiya Moldovaya silahlı müdaxiləyə deyil, iqtisadi və siyasi təsir rıçaqlarına arxalanır”.

Odessa işğal edilərsə…

Son olaraq onu da qeyd edək ki, proseslərin gedişi ilə bağlı ssenarilərdən biri də budur ki, Rusiya Odessanı işğal edib oradakı qoşunları Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəyə gətirə bilər. Bu fikir daha çox Qərb mediasında səslənir. Digər tərəfdən Ukrayna prezidenti Vladimir Zelenski kimi Moldovanın qərbyönümlü xanım prezidenti Maya Sandu da Rusiyanı sevmir. Təsadüfi deyil ki, xanım Sandunun hakimiyyətə gələr-gəlməz verdiyi ilk qərarlardan biri məhz Dnestryanıdan Rusiya sülhməramlılarının çıxarılmasını tələb etməsi idi. Prinsip etibarilə, Moldovanın Qərbin dəstəyinə arxalanıb Dnestryanı məsələsini həll etmək istəyi Kremli ciddi narahat edir. Bu mənada Ukrayna kimi Moldovanın da Qərbə inteqrasiyasının qarşısını almaq, həmçinin Kişinyova gözdağı vermək üçün Rusiyanın Moldovaya hərbi müdaxiləsi mümkündür. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir