Bu qədər yazılır, pozulur, rəsmi mövqe bildirilir, ortaya fakt qoyulur. Ancaq nə illah edirsən-et, İranı inandırmaq olmur ki, Azərbaycan normal qonşuluq münasibətinə üstünlük verir. Əvəzində İran elə hey Azərbaycana qısqanclıqlarını göstərir, az qala müstəqil dövlət kimi onu qəbul etmədiyini deyir.
Molla rejimi mövqelərini, əməllərini əmmamə və əbası altında yatan terrorçu xislətlə inkişaf etdirir.
Bu təfəkkürün başında ali rəhbər Seyid Əli Xamenei dayanır. Adamın dili də gəlmir ki, Xameneiyə ali rəhbər desin.
Azərbaycana qarşı bu qədər kin, nifrət haradandır? Bəs hanı islam prinsipləri? Görünən budur ki, İran üçün islam yox, bu din adı altında terrorçu fəaliyyət göstərmək əsasdır. İslam özü də terroru pisləyir. Deməli, İrandakı molla rejimi islam dininə zidd qaydalar və əməllər tərtib edir.
Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra İrandakı molla rejimi və SEPAH hirsindən zəncir gəmirir. Həmin terrorçu xisləti Azərbaycana qarşı nümayiş etdirən Tehran Ermənistana qucaq açır, onu silahlandırır.
Tehran, yaxşı olar ki, daxildəki problemlərinin həlli ilə məşğul olsun. Əhali etiraz edir, molla rejiminin əlindən zinhara gəldiyini deyir. İran bu qədər qüdrətli dövlətdirsə, terrora ayırdığı pulları dayandırıb öz əhalisinin rifahı üçün xərcləməlidir. Onda qonşu dövlətlərlə düşmən münasibəti də düzələr.
Ancaq etirazlar molla rejiminin maskalarını yırtdıqca o daha da aqressivləşir. İndi maska altındakı deyil, maskası çıxarılmış İranı Azərbaycana, Türkiyəyə münasibətdə aşkar şəkildə görürük.
İran şəkillərdə təsvir edilən iblisləri xatırladır. Gözlərindən alov çıxır, başında əcaib çıxıntılar var.
Belə bir varlıq öz xalqına necə kömək edə bilər? Öz xalqının səsini heçə sayan bir dövlət başqa ölkəyə necə münasibət göstərər? Hər şey aydındır. İran kimə dəstək verir? Terroru dəstəkləyən və azərbaycanlılara qarşı etnik soyqırımını həyata keçirmiş Ermənistana!
İran Azərbaycan səfirliyinə qarşı terror hücumuna görə də düz-əməlli izahat vermir. Verməyəcək də.
Hələ deputat Fazil Mustafaya qarşı silahlı hücum barədə də ilkin qənaət belədir ki, İran bu hadisənin arxasında dayanıb.
Belə bir ölkə öz gözündə tiri görməyərək, özgə gözündə tük axtaracaq. Özü terroru himayə edən bir ölkə indi Azərbaycanı müxtəlif bəhanələrlə ittiham edir. Özünüz fikirləşin: Bu ədalətdirmi?
Aqil Vəlili