• Şb. Noy 23rd, 2024

Mübariz Mənsimovun adamından “söyüş müxalifəti”nə PUL YAĞIŞI: “Erməni dəyirmanına ehtiyacımız var?” – VİDEO

ByYenigun.news

İyn 3, 2022

“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun “sağ əli” xaricdəki “söyüş müxalifəti” təmsilçilərinin başlarından pul səpir.

Uzun müddətdir Türkiyədə məskunlaşan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun öz çevrəsinə talış separatizmini körükləyən müəyyən şəxsləri cəmləməsi və özünün hələ açığa çıxarmadığı siyasi ambisiyalarını həmin fiqurların vasitəsilə gerçəkləşdirmək niyyəti barədə son vaxtlar mediada xeyli material yayımlanıb.

“Palmali” sahibinin həmin materiallara reaksiya verməməsi, ətrafına topladığı şəxslərin ermənilər və onların dostları ilə yaxın münasibətlər qurmasına səs çıxarmaması onun haqqında yazılanların reallığa əsaslandığına şübhə yeri qoymur. Mənsimovun güvəndiyi adamların kimliyini, onların hansı dairələrlə yaxınlıq etmələrini bilməməsi istisnadır.

O baxımdan, Mənsimovun bu fiqurları öz himayəsinə götürməsində təsadüf amili ola bilməz. Bütün bunlar iş adamının gələcək üçün cızdığı planların mühüm tərkib hissəsi kimi görünməkdədir. Həmin planlar isə çox təəssüf ki, dövlətin təməlinin sarsıdılması, Azərbaycanın parçalanması və milli nifaqın salınmasını ehtiva edir. Yəni Mənsimovun adamlarının pərdə arxasında həyata keçirdikləri, lakin məxfi saxlaya bilmədikləri fəaliyyətləri ilə tanışlıq fərqli qənaətə əl yeri qoymur.

Xatırladaq ki, Mənsimovun Azərbaycandan kənarda məskunlaşan radikal ovqatlı müxalifətçilər, o cümlədən, “söyüş müxalifəti”ndə yer alanlara və onlara himayədarlığını artıq bilməyən kimsə qalmayıb. İş adamının bu haqda da israrla susmağına baxmayaraq, çevrəsindəkilərin bu istiqamətdə göstərdikləri nümayişkar fəallıq diqqətdən yayınmır. Mənsimovun birbaşa göstərişlərini icra edən o adamlar artıq o dərəcədə sərbəstləşiblər ki, xaricdə yaşayan müxalifətçilərlə yaxın təmaslarının gizliliyini qorumağın qayğısına da qalmırlar.

Azpolitika.az-ın əldə etdiyi yeni videomaterialda Mübariz Mənsimovun “sağ əli” hesab olunan, müxtəlif ölkələrdə fəaliyyət göstərən talış separatizminin ideoloqları ilə sinxron davranan, həmçinin radikal mühacirlər və “söyüş müxalifəti”nin əhəmiyyətli hissəsini təşkil edənlərlə əlaqələndiricilik funksiyasını yerinə yetirən Seyran Rəfiyevin bu çərçivədə keçirdiyi növbəti “musiqili” görüş və adamın “səxavət”i əks olunub.

Kadrlardan göründüyü kimi, Rəfiyev qurduğu məclisə Məhəmməd Mirzəli və Avropada məskunlaşmış bir sıra başqa “söyüş ustaları”nı başına toplayaraq, onları pul yağışına tutub.

Rəfiyev pul dəstəsini açaraq, əsginasları “Köhnə dostlar” mahnısının sədaları altında rəqs edən, daha doğrusu, etdirilən “söyüşçü”lərin başından tökür. Baxın, leksikonları əsasən, qeyri-senzuradan ibarət olan adamlar bu “yağış”ın altında özlərini çox xoşbəxt hiss edirlər. Hətta o dərəcədə ki, onlardan biri rəqs edə-edə “bizim erməni dəyirmanına ehtiyacımızmı var?”, – deyə sual da verir.

Bütün bunlar nəyin göstəricisidir? İlk növbədə bu qeyd olunmalıdır ki, Mənsimov son müsahibələrində səsləndirdiyi qeyri-ciddi fikirlərlə özünü rəzil duruma salmaqla yanaşı, həm də yumşaq desək, qeyri-səmimiliyini nümayiş etdirməkdədir. Konkret ifadə olunsa, “Palmali”nin sahibi Azərbaycan hakimiyyətinə münasibətdə loyallığını qoruduğu təsəvvürünü yaratmağa çalışsa da, onun əslində, yenə də riyakarlıq etdiyi təsdiqlənir.

Ən azı bu videodakı mənzərə hər şeyi açıq-aşkar ortaya qoyur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir