“Türkiyənin xarici siyasətindəki ümumi tendensiyaya görə Ankara və Dəməşq arasında Suriya üzrə müsbət irəliləyişlər başlayır”.
Bunu Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə Moskva ilə Ankara arasında Suriyadakı vəziyyətə təsir edə biləcək sürətli yaxınlaşma barədə fikirlərini Oxu.Az-a şərh edərkən bildirib.
O, son iki ildə Türkiyənin Yaxın Şərq ölkələri – Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Misirlə fəal şəkildə münasibətləri normallaşdırdığını xatırladaraq, indi də növbədə Suriya olduğunu vurğulayıb.
“Suriya Prezidenti Bəşər Əsəd üçün Suriyanın bütün ərazisinə nəzarət etmək vacibdir. Türkiyə isə xarici işlər naziri Mövlud Çavuşoğlunun şəxsində Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Suriyadakı kürd hərbiləşmiş qruplaşmaları ABŞ-la işləyir – bu Dəməşqə lazım deyil. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Əsəd arasında danışıqların mümkünlüyü Türkiyə siyasətinin “qonşularla sıfır problem” anlayışına məntiqi qayıdışıdır. Ancaq Suriya fərqli bir yoldur. Bunun Qarabağa təsiri olacaqmı? Bəli, amma dolayı”, – deyə o, izah edib.
Ekspert bildirib ki, Moskva və Ankara Suriyada nizamlanmada maraq toqquşmalarının birindən xilas olacaq, münasibətlərdə manevr daha az olacaq:
“Ölkələr Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı vəziyyəti bütünlüklə həll etməkdə, bundan sonra isə irimiqyaslı iqtisadi layihələrə başlamaqda maraqlı olacaqlar. Amma Suriya ilə Qarabağı qarışdırmazdım, çünki onlar fərqli hekayələrdir. Lakin Ankara və Moskva bütün bu işlərin həllində maraqlıdır”.
M.Sadıqzadə İrəvanın buna münasibətini də şərh edərkən Ermənistan üzrə ekspert olmadığını və onun daxili siyasətini bilmədiyini, ancaq beynəlxalq mütəxəssis kimi müəyyən qlobal tendensiyaları gördüyünü deyib:
“Ermənistanın baş naziri Nikol Paşinyan öz ölkəsində anti-Rusiya ritorikasını inkişaf etdirir və Qərbdən dəstək alır. Ermənistan tərəfinin Qarabağla bağlı müxtəlif razılaşmaları pozması ilk növbədə nizamlanmanın təminatçısı kimi Moskvanı vurur. İrəvanın bu manipulyasiyaları Rusiyanın imicinə xələl gətirmək məqsədi daşıyır”.
Onun sözlərinə görə, Paşinyan Ankara ilə münasibətləri blokdan çıxarmağa çalışır ki, ölkəsi üçün Rusiyadan dolayı yol tapsın.
“Rusiyanın xüsusi hərbi əməliyyata (Ukraynada – red.) başlaması ilə bir çox postsovet məkanı ölkələrində olduğu kimi Ermənistanda da anti-Rusiya əhval-ruhiyyəsi artırıb. Qərbyönlü qüvvələr Qərbin maraqlarının qorunmasına nail olmaq və onun anti-Rusiya siyasətini dəstəkləmək üçün bundan istifadə edirlər. Odur ki, Paşinyanın məqsədi Ermənistanı tamamilə Rusiyanın maraq dairəsindən çıxarıb öz Qərb sponsorlarına – hansı ki, artıq təcrübənin göstərdiyi kimi, heç bir halda bu ölkələrin rifahında maraqlı deyillər və onları yalnız Moskvaya təzyiq aləti kimi görürlər, – təslim etməkdir”, – deyə M.Sadıqzadə sözlərini yekunlaşdırıb.
Nair Əliyev