“2020-ci ildə Azərbaycanın torpaqlarını geri qaytarması fonunda İsveçrə şirkətləri bu ərazilərdəki yenidənqurma prosesində iştirak etmək, öz innovasiya və bacarıqlarını tətbiq etməkdə maraqlarını ifadə ediblər”.
APA xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksander Hoffet İsveçrənin Milli Gününə həsr olunmuş mərasimdə deyib.
Onun sözlərinə görə, artıq 6 aydır ki, Azərbaycanda müvəqqəti işlər vəkili postundadır və müvəqqəti işlər vəkili kimi Azərbaycanın regionlarına səfər etmək, bu ölkənin zəngin mədəniyyəti və insanları ilə tanış olmaq şansı əldə edib.
“Bizim xalqlarımız fərqli olsalar da, ortaq tərəflərimiz var. Bizim ölkələrimiz multikulturaldır, güclü qonşularımız var, tariximiz müstəqillik axtarışları ilə yadda qalıb. Hər iki ölkənin zəngin təbiəti var və ölkələrimiz turistlərin diqqətini cəlb edir”, – İsveçrə diplomatı deyib.
O bildirib ki, Azərbaycanın turizm perspektivi gələcək vəd edir.
İki ölkə arasında iqtisadi əlaqələrə toxunan diplomat deyib ki, bu əlaqələrin inkişafı, daha da dərinləşməsi üçün imkanlar var:
“Pandemiyadan sonra qarşılıqlı investisiya və ticarət axınında artım var və bu, sevindiricidir. Lakin hesab edirəm ki, bu istiqamətdə biz daha çox iş görə bilərik”.
O deyib ki, İsveçrə şirkətləri azad edilən ərazilərdə yenidənqurma prosesində iştirak etmək, öz innovasiyalarını burada tətbiq etməkdə maraqlarını ifadə ediblər.
O xatırladıb ki, Azərbaycanın SOCAR şirkəti İsveçrədə yanacaqdoldurma mərkəzlərinə malikdir.
“Biz Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk”, – o vurğulayıb.