• Bz. Noy 24th, 2024

Nadejda Kevorkova: “Rusiya tamamilə zəifləməyənə qədər Qafqazda sülh olmayacaq” – MÜSAHİBƏ

ByYenigun.news

Avq 25, 2022

Rusiya və Türkiyə daimi siyasi qeyri-sabitlik vəziyyətində olan Ermənistanda getdikcə daha çox bütün problemlərın səbəbkarı olaraq görülür. Ermənistan müxalifəti xüsusilə fəaldır və sülh gündəmini inkar edir. Radikalların nümayəndələri “300 illik erməni-rus dostluğunun əsl mənzərəsi”ni əks etdirən videoçarxlar çəkirlər. Həmçinin iddia edirlər ki, Moskva və Ankara növbəti dəfə Ermənistanı pis vəziyyətdə qoydular, Rusiya isə heç vaxt ermənilərlə dost olmayıb və ermənilər üçün yaxşı heç nə etməyib.

Tanınmış rusiyalı jurnalist və yazıçı Nadejda Kevorkova Oxu.Az-a bununla şərh verib. O qeyd edib ki, əksinə, Rusiya həmişə Ermənistanın yanında olub, 100 il boyu bütün erməni demarşlarının təşəbbüskarı olub.

– Türkiyə ilə Rusiyanın bu məsələdə müttəfiq olması ilə bağlı fikirlər isə tamamilə yanlışdır. Liberal Rusiya müxalifəti antitürk, anti-Azərbaycan və antiislam yönündə köklənib. Böyük və səs-küylü erməni lobbisinin təsirinin güclü olduğu “patriot” Rusiya mühitində də vəziyyət eynidir. Və onlar hər yolla anti-Azərbaycan və antitürk xətti ilə getdiklərini nümayiş etdirirlər.

Ancaq ikinci bir məqam da var ki, bu da Kremlin özünəməxsusluğudur: Maydan hərəkatı, küçə etirazları, “narıncı” inqilab nəticəsində hakimiyyətə gələn hər bir şəxs hər zaman potensial düşməndir. Yeri gəlmişkən, Nikol Paşinyana Moskvada xoşagəlməz münasibət də bundan irəli gəlir.

Ermənilər indi pis vəziyyətdədirlər. Onlar boşluqdadırlar, onlara heç kim kömək etmir. Rusiya nəyin bahasına olursa-olsun, orada hakimiyyəti dəyişmək istəyir. Və orada Moskvanın hansısa himayədarı peyda olsa, onda hər şey əvvəlki kimi olacaq, hərbi baza yenidən canlanacaq, hərbi yardımlar artacaq, təxribatlar daha çox olacaq. Ancaq indi Rusiya hərbi qüvvələrinin başı tamamilə Ukraynaya qarışıb, Moskva hazırda Cənubi Qafqazla bağlı məsələlərdə maraqlı deyil.

Amma Bakı indi güclü və sərfəli mövqeyə malikdir. İki il əvvəl çox adamın gözləmədiyi (İkinci Qarabağ müharibəsində qələbə – red.), lakin Heydər Camal və Orxan Camalın (Rusiya ictimai xadimləri – red.) inandıqları və haqqında danışdıqları hadisə baş verdi. Azərbaycan hakimiyyəti tam qüsursuz şəkildə davrandı. Prezident İlham Əliyev xalqın dəstəyinə sahibdir.

Burada Ankara faktoru da var. Həmçinin hazırda Türkiyədə iqtisadi sahədə də vəziyyət yaxşı deyil, milli valyutada sıçrayışlar olur, inflyasiya mövcuddur. Amma Ankara açıq şəkildə özünü Bakının çox yaxşı hərbi-siyasi müttəfiqi kimi göstərdi. Türkiyə Azərbaycanla çiyin-çiyinə dayanır və hər kəs də bunu nəzərə almaq məcburiyyətində qalır.

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivləri haqqında nə düşünürsünüz?

– Biz hamımız bilirik ki, ermənilərin dünyada nə qədər böyük lobbi qrupları var. Erməni diasporu rəsmi İrəvandan güclüdür. Bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərliyi dövründə sülhə doğru irəliləmək cəhdləri də göstərdi – onların sadəcə olaraq lobbi qrupları tərəfindən kökündən qarşısı alındı.

Və başqa məqam da var – Rusiya tamamilə zəifləməyənə qədər Qafqazda sülh olmayacaq.

– Bəs Nikol Paşinyan sülhə can atan şəxsdir? Yoxsa başqası daha yaxşı olacaq (mən Moskvanın bəzi mümkün himayədarlarını nəzərdə tutmuram)?

– Ermənistanın daxili işlərindən danışmaq mənim üçün çətindir, mən həyatımda heç vaxt Ermənistanda olmamışam və üstəlik, Paşinyanla görüşməmişəm. Mən Yer üzünü gəzən müxbirəm. Mən Ermənistanın daxili “mətbəx”i ilə o qədər də tanış deyiləm. Amma mütləq şəkildə deyə bilərəm ki, Nikol Paşinyan hakimiyyətə Qarabağ ətrafında vəziyyəti nizamlamaq ideyası ilə gəlmişdi və əvvəllər işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına daxilən hazır idi. Lakin onun müxtəlif daxili qruplardan, siyasi birləşmələrdən asılı olduğu ortaya çıxdı.

Bundan əlavə, nəzərə alın ki, bu il fevralın 24-dən (Rusiyanın Ukraynanı işğal etdiyi tarixdən – red.) dərhal sonra çoxlu sayda Rusiya vətəndaşı Ermənistana köçüb. Rusiyalılara bunun üçün xarici pasport lazım deyil, daxili pasportla da gələ bilərlər. Bəli, onların arasında sadəcə olaraq adi insanlar, çağırışdan və ya başqa bir şeydən qaçan qorxmuş yoldaşlar da ola bilər. Lakin əksər hallarda bunlar siyasi yüklü insanlardır və onların sayı o qədər çoxdur ki, hətta Ermənistanın daxili siyasətində bir faktora çevrilirlər. Həmçinin onların əksər hissəsi ermənipərəstdir və müvafiq olaraq anti-Azərbaycan və antitürk yönündə kökləniblər. Bu, tədqiq edilməmiş, lakin kifayət qədər güclü sahədir. Ola bilsin ki, məhz bu səbəbdən Paşinyanın ətrafındakılar onu daha sərt bəyanatlar verməyə inandırırlar.

Ermənistanın daxili siyasətində Paşinyanı əvəz edə biləcək digər fiqurlara (Rusiya Federasiyasının himayədarı olmayan – red.) gəldikdə, mən onları görmürəm, çünki bu məsələ ilə məşğul deyiləm. Mənə elə gəlir ki, erməni cəmiyyətinin gənc təbəqəsi 2018-ci il inqilabına özünü həsr etdi ki, bu da Nikol Paşinyanı hakimiyyətə gətirdi. Sonra isə müəyyən çaşqınlıq içində qalmağa başladılar…

Bildiyimiz kimi, “ermənilik” çox ağır bir mirasdır. Bu, o qədər güclü millətçilikdir ki, dünyanın qalan hissəsi bunu bilmir. Bunun nə ilə müqayisə oluna biləcəyini təsəvvür belə edə bilmirəm.

Ermənistanın həmişə yanında İran olub ki, bu da onun “sağ qalmasına” zəmanət verib. İranlılar, doğrudan da, Ermənistana, bir də Qarabağa (işğal zamanı – red.) sərmayə qoyublar. Amma indi İran Ermənistana marağını itirib. İranlıların nüvə proqramının inkişafında ermənilərin köməyinə ehtiyacı var idi, onlar artıq istədikləri hər şeyi alıblar. İndi bu səs-küylü və olduqca narahat kütlə onların nəyinə lazımdır?

– İranın nüvə proqramı məsələsində Metsamor atom elektrik stansiyasından hansısa radioaktiv materialları və ya texnologiyaları aldığını nəzərdə tutursunuz?

– Texnologiyalar və elm adamları.

– İkinci Qarabağ müharibəsindən iki ilə yaxın vaxt keçir. Danışıqlar gedir, lakin müəyyən irəliləyişlər ancaq o zaman əldə edilir ki, Azərbaycan Ermənistan tərəfinin təxribatlarına cavab olaraq güc tətbiq edir. Bu, sizin çox yaxşı tanıdığınız Heydər və Orxan Camal konsepsiyalarına uyğun gəlirmi?

– Mütləq! Mən Heydər Camalla birlikdə Azərbaycan hökumətinin dəvəti ilə Bakıda olmuşam. O vaxt Azərbaycanda çoxları bizə deyirdilər ki, heç bir halda Qarabağ münaqişəsinin hərbi yolla həlli olmayacaq. Heydər Camal isə həmişə deyirdi ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Yeganə yol hərbi güc tətbiqidir. Biz Azərbaycana həmin səfərimizdə də bu variant üzərində israr edirdik.

– Belə çıxır ki, güc təzyiqi uzunmüddətli sülhə gətirib çıxara biləcək yeganə faktordur?

– Bilirsiniz, mən dünya haqqında heç nə deyə bilmərəm, onun parametrlərini o qədər də başa düşmürəm.

– Azərbaycan tərəfdən Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və s. ilə bağlı təkliflər olub. Amma nədənsə Ermənistan bu təklifləri o qədər bəyənmir, lakin formal olaraq onlardan imtina etmir.

– Məsələ burasındadır ki, Qafqazın üzərindən asılmış Rusiya əsrlər boyu müxtəlif sərhədlər təyin edib, xalqların köçü ilə məşğul olub ki, bunda da məqsəd gələcəkdə hərbi qarşıdurma və qeyri-sabitlik ocaqları yaratmaq olub.

Daha çox deyəcəyəm: yaxın gələcəkdə heç bir yerdə sülh görünmür. Mənə elə gəlir ki, Qafqazın indi aldığı ən böyük mükafat (hanniballıq kimi səslənsə də, bu, doğrudur) Ukraynadakı müharibədir. Bu, nəhəng qeyri-sabitlik dalğasının növbəti mərhələsinin Qafqaza sıçrama ehtimalını gecikdirdi və nəticədə Avropa buna məruz qaldı. Lakin fevralın 24-dən əvvəl çoxları məhz Qafqazda genişmiqyaslı kəskinləşmənin başlayacağını gözləyirdilər. İndi burada bir “nəfəsdərmə” intervalı var və sülh danışıqları da məhz bununla bağlıdır.

– Belə çıxır ki, müasir dünyada güc hüququ hüququn gücündən daha yüksəkdir…

– Bu, həmişə belə olub. Bəşəriyyət tarixi mövcud olduğu müddətcə belə olub. Hər şey hərbi yolla həll olunur.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir