• Be. Noy 25th, 2024

“O dövrün iqtidarsız, səriştəsiz rəhbərliyi Kəlbəcərin işğalına səbəb oldu” – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 2, 2023


“2 aprel – Kəlbəcərin işğal günüdür. 2020-ci ilə qədər biz bu tarixi daha çox hüznlə, qüssə ilə xatırlayırdıq. Azərbaycan xalqının tarixində Kəlbəcərin işğal olunması da hər bir qarış torpağımız kimi qəbul olmaz hal idi. Bu, tariximizdə qara ləkə idi. O dövrün təsadüfi hakimiyyətə gəlmiş, iqtidarsız, səriştəsiz rəhbərliyi sayəsində Kəlbəcər, Şuşa, Laçın və digər rayonlarımız işğal olundu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun qələbəsindən sonra bütün torpaqlarımızla yanaşı Kəlbəcər də işğaldan azad olundu”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması əldə olunmuş ən böyük hərbi-diplomatik uğurlardan biridir:

“30 ilə yaxın düşmən tapdağında qalan torpağımız bir güllə belə atılmadan azad edildi. Bu, bir tərəfdən dövlətimizin siyasi gücünün, digər tərəfdən Ordumuzun və Ali Baş Komandanımızın qüdrətinin nəticəsi idi. Hesab edirəm ki, Kəlbəcər kimi çətin relyefə sahib rayonun bir güllə belə atılmadan azad edilməsi Ali Bas Komandanın uğurlu diplomatiyasının zirvəsi idi.

Kəlbəcərin 30 ilə yaxın erməni vandallarının vəhşiliyinə məruz qaldığını düşünmək ürək ağrıdıcıdır. Bir tərəfdən də Ağdaban faciəsi, Kəlbəcərdə törədilən digər soyqırımlarının qurbanlarının ruhunun dinclik tapdığını qeyd etməliyik. 1990-cı illərdə olduqca ağır şəraitdə, Ulu Öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə qaçqın və məcburi köçkünlərimiz Azərbaycanın müxtəlif rayonlarında yerləşdirilirdi. Xalqımız min illər boyu orada yaşamış, tarixi irs qoymuşdu. Abidələrimiz, mülklərimiz, dədə-babalarımızın məzarları Kəlbəcər torpaqlarında idi. Ermənilər hər şeyi vəhşicəsinə dağıtmışdılar. Hətta qəbirləri söküb, təhqir edirdilər. Bütün bu vəhşiliklərin layiqli cavabı Ordumuz tərəfindən verildi. Allah hər bir qarış torpağımız üçün canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan bu gün bütün dünyada qalıb ölkə kimi tanınır. Biz Ali Bas Komandanımızın haqqın və ədalətin bərpası naminə verdiyi əmriylə yumruq kimi birləşərək, bütün haqsızlıqlara son qoyduq. Dövlətimizin başçısına can sağlığı, Rəşadətli Ordumuza güc-qüvvət arzulayırıq. Azad olunmuş torpaqlarımız artıq nəfəs alır, düşmən tapdağından xilas olub və abadlaşır. Azərbaycan xalqı Böyük Qayıdışa hazırlaşır. Əminik ki, Kəlbəcər, Laçın, Şuşa, bütün Azərbaycan torpaqları gündən-günə dirçələcək, çiçəklənəcək”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir