• Ç. Noy 27th, 2024

Öcal Oğuz: “İkinci Qarabağ müharibəsi işğala və haqsızlığa qarşı azadlıq və ədalət mübarizəsidir”

ByYenigun.news

Apr 8, 2023


“Şuşaya gələrkən yol boyu gördüklərim məni çox kədərləndirdi. Şəhərlər, kəndlər, memarlıq abidələri dağıdılıb. Belə bir vandalizm bəşəriyyətin inkişafına zərər verən hərəkətlərdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri Öcal Oğuz deyib.

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının Şuşa şəhərində keçirilən bağlanış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Ö.Oğuz vurğulayıb ki, Ermənistan uzun illər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, Azərbaycanın BMT səviyyəsində tanınan ərazi bütövlüyünü pozub və ermənilər 30 il işğal siyasəti həyata keçiriblər:

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tamamilə əsassızdır. Azərbaycan uzun illər keçmiş Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin bunun heç bir nəticəsi olmadı. Ona görə də Azərbaycan Ordusu və bütövlükdə xalq Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci ilin payızında torpaqlarının azadlığı uğrunda mübarizəyə başladı və zəfər qazandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə böyük dəstək verdi. İkinci Qarabağ müharibəsi haqsızlığa, BMT-nin Nizamnaməsinə, qətnamələrinə əməl etməyən Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan azadlıq və ədalət mübarizəsidir. İşğalçılara qarşı müharibə uğurla nəticələnib və sülhə xidmət edən addımdır”.

Ö.Oğuz söyləyib ki, Azərbaycanın zəfəri BMT-nin Nizamnaməsinə və UNESCO-nun təməl prinsiplərinə uyğundur.

O, işğaldan azad olunan ərazilərə Böyük qayıdışın başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri bildirib ki, regionda tez bir zamanda sülhün və əmin-amanlığın təmin edilməsi vacibdir: “Hər bir dövlət öz ərazilərində xalqının rifahını yaxşılaşdırmaq üçün çalışmalıdır. Belə bir prosesin başlaması həm UNESCO-nun sülh istəyinə, həm də biz türklərin mədəni dəyərlərinə uyğundur. Təbii ki, sülh istəyiriksə müharibəyə də hazır olmayaq. Biz o qədər də aciz deyilik, hər zaman döyüşə hazırıq. Lakin bizim istəyimiz dünyada uzunmüddətli sülhün əldə olunması və bunun davam etməsidir. Şuşada 200 tarixi abidənin təhrif olunmasını pisləyirik, onlardan 10-a yaxının bərpa edilməsini alqışlayırıq. İnanırıq ki, bu istiqamətdə görülən işlər mütəmadi şəkildə davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir