• Ç. Noy 27th, 2024

Paralimiya çempionu olan bacılar: “Xanım bu saç üslubu ilə rəqiblərini qorxudur” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

İyn 17, 2022

Ötən il Tokioda keçirilmiş Paralimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr əldə etdilər. Bu baxımdan Azərbaycana ən çox qızıl medal qazandıran paracüdoçular oldu. 14 qızıl medaldan 6-sı bu idman növünün payına düşdü. Bunlardan 63 kq çəki dərəcəsində Xanım Hüseynova və +70 kq-da Dürsədəf Kərimovanın qızıl medallar qazanmaları ilə heç kimə məlum olmayan bir fakt ortaya çıxdı. Bu iki idmançı bacı imiş. Beləliklə, bir ailədən iki bacı Vətənə medalla qayıtdı.

Oxu.Az həm bu, həm də digər məsələlər barədə bacılardan müsahibə götürüb.

– İdmana gəlişiniz necə olub?

Dürsədəf Kərimova: İlk dəfə mən idmana başlamışam. Xanım onda uşaq idi, amma məndən daha enerjili idi. Bakı çempionluğum, Azərbaycan çempionatında nəticələrim olandan sonra Xanım da bu idmana həvəsləndi. Açığı, idmana başlayarkən ailə tərəfindən təzyiqlə üzləşmədik. Çünki ailəmiz ziyalıdır. Anamız Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dosentdir. Atamız bizə dəstək olurdu, ən böyük azarkeşimiz o idi. Hətta məşqə getməyəndə atam bizi danlayırdı.

– Bəs niyə məhz cüdonu seçdiniz?

D.K.: Həyətdə uşaqlarla dalaşırdım, onu-bunu döyürdüm. Atam fikirləşdi ki, idmana getsəm, enerjimi orada tükədərəm. Yoxsa anam əslində oxumağımı istəyirdi. Səkkiz yaşım vardı idmana gedəndə. Bizdə voleybol bölməsi vardı. Məşqçi dedi ki, istəyirsinizsə, buraya qoyun, boyu da qalxar. Ancaq mən istəmədim. İdman klubunda Validə müəllim qız cüdoçuları hazırlaşdırırdı. Onda bilmirdim ki, cüdo nə olan şeydir. Atama dedim ki, bu idman növünü istəyirəm. Burada məşq keçməyə başladıqdan sonra həyətə düşməyə enerjim qalmırdı. Beləcə, idmana tam bağlandım. İdmanla oxumaq arasında qalanda isə birincini seçib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldum.

Xanım Hüseynova: Məni də evdən qoyublar (gülür). 2008-ci ildə “sağlamlar”da yığmaya düşdüm. 2009-cu ildə yeniyetmələrdə Avropa çempionu oldum.

D.K.: O, yeniyetmələrdə çıxış etsə də, mən onunla “para” olurdum. İndi ağır çəkidə çıxış etsəm də, o vaxt çəkilərimiz bir-birinə yaxın idi. Mən indiyədək Xanımı özümdən texniki və taktiki cəhətdən güclü hesab edirəm. Həmişə ona deyirdim ki, sən çempion olacaqsan. Əslində, indi də bir-birimizə “para” oluruq…

– Əvvəl “sağlamlar”da yarışmısınız, daha sonra Paralimpiya idman növü sayılan paracüdoya keçmisiniz…

X.H.: Mən 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında ikiqat gümüş mükafatçıyam. Daha sonra gözümdə zədə olduğu üçün paracüdoya keçdim. Həmin il Avropa çempionatında həm fərdi, həm komanda şəklində qızıl medal qazandım. Ötən ilin mayında Bakıda keçirilən Qran-pri yarışında çempion oldum. Nəticəm olmasaydı, mən indi idmanda yox idim.

Əslində, Azərbaycan cüdosunda güclü qızlar çoxdur. Sadəcə, psixoloji baxımdan axsayırıq. Xarici idmançıların bizimkilərə qalib gəlməsinin səbəbi psixikada bir addım öndə olmalarıdır. Paralimpiya Oyunlarına ən güclü “onluq” gəlir. Amma kimin psixologiyası güclüdürsə, o da qalib gəlir. Biz pandemiya vaxtı səhər-axşam məşq keçdik. Zallar bağlı olduğu üçün bağda, dəniz kənarında məşqlər etdik, bir dəqiqə dayanmadıq. Məsələn, finalda məğlub etdiyim ukraynalı İrina Quseva məndən güclü idi. Sadəcə, məndən çəkinirdi. Psixoloji cəhətdən hazırlıqlı olsaydı, mənə qalib gələrdi.

D.K.: Xanım məndən qabaq paracüdoya keçib. Mənim gözümdə əməlli-başlı zəiflik vardı. Həkim dedi ki, zəifləməyə doğru gedir. Müalicə ilə qarşısını almaq olur. Bundan sonra mən də paracüdoya keçdim. Daha sonra 2019-cu ildə İtaliyanın Genuya şəhərində həm fərdi, həm də komanda ilə çempion oldum.

– “Sağlamlar”da bacarmadılar, keçdilər paracüdoya”. Bu fikirlə rastlaşmısınız?

D.K.: Bu fikri bizə deyə bilməzlər. Mən “sağlamlar”da da lider olmuşam, Gürcüstan millisinin kapitanı olmuşam. On il Gürcüstan millisinin heyətində yer almışam. O vaxt Bakıda açıq çempionat keçirilirdi. Çempion olanda gürcülər məni görüb öz heyətlərinə cəlb etmişdilər. Gürcüstan millisinin heyətində Avropa mükafatçısı olmuşam. Hətta Rioda keçirilən dünya çempionatında da iştirak edib beşinci yeri tutmuşdum. Onda bu çəkidə Azərbaycandan Kifayət Qasımova çıxış edirdi.

X.H.: Azərbaycanda cüdoda üç-dörd nəfər nəticə verən qadın idmançı varsa, onlardan biri mənəm. Mənim ən yaxşı pik vaxtımda ayaq bağlarım qopdu. Yoxsa 2012-ci ildə Peter Zayzenbaxerin baş məşqçi olduğu vaxtda, bəlkə də, London Olimpiadasına lisenziya qazanardım.

– Bacınız hava limanında qarşılanma zamanı demişdi ki, sevindiyindən sizin qazandığınız medalla yatmışdı…

X.H.: Olimpiada bütün idmançıların ən böyük arzusudur. Biz Paralimpiada üçün gecəmizi gündüzə qatmışdıq. Bütün idman növlərindəki atletlər sözün həqiqi mənasında “döyüşürdülər”. Finalda sona 1 dəqiqə 20 saniyə qalmış artıq düşünürdüm ki, uduzacağam, gücüm tükənmişdi, əllərim tutulmuşdu. Ancaq tribunadan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qışqırırdı ki, ruhdan düşmə, qalx, sən qalib gələcəksən, bizə himn lazımdır. Bu sözlərin hamısı indiyədək qulağımdadır. Mən, bəlkə də, bir gün sonra ayıldım ki, çempionam. İnana bilmirdim.

– Bir gün sonra siz güləşirdiniz. Bacınız çempion olmasaydı, sizin də motivasiyanıza təsir edib uduza bilərdiniz…

D.K.: Razıyam. Çünki mən onu çempion kimi görürdüm. Həmişə deyirdim ki, sən öz gücünü dərk etsən, çempion olacaqsan. Yarışa çıxan gün bütün gecəni onunla danışmışdım. O yuxulayırdı, mən danışırdım… Bir də ki, mən 80 kq çəkidə idim. +70 kq-da güləşdiyimdən rəqiblərimin minimum 120 kq çəkisi vardı. Çəki baxımından onlardan geri qalacağımı, çempion ola bilməyəcəyimi düşünürdüm. Məsələn, finaldakı qazaxıstanlı rəqibim Zarina Baybatinanın 145-150 kq çəkisi vardı.

– Ailədən iki nəfərin Paralimpiadadan qızıl medalla qayıtması nəsildə necə qarşılandı?

D.K.: Çox möhtəşəm qarşılandı. İndiyədək də anam xoşbəxtlikdən uçur. Anam iki gün ardıcıl həyəcandan yata bilməmişdi. Anam orada işlədiyindən, bizi ADPU-nun rektoru Cəfər Cəfərov da qəbul etdi. O da bilmirdi ki, onların əməkdaşının qızlarıyıq. Heç kimin bizim çəkdiyimiz əziyyətlərdən xəbəri olmayıb. Zədələrimizi birgə bərpa etmişik.

– Ümumiyyətlə, bacı olduğunuzu cüdo ictimaiyyəti belə, Paralimpiadadan sonra bildi. Xatırlayıram ki, Azərbaycan Cüdo Federasiyasının sabiq baş katibi Elmar Babanlı hava limanında Xanımdan soruşdu ki, doğrudan, siz bacısınız? Bu sirri necə saxlamışdınız?

X.H.: Mən mediadan həmişə qaçmışam. Baxmayaraq ki, İslamiadanın da qalibi olmuşdum. Amma bu yarışdan sonra bilirdim ki, qaçmağın adı yoxdur. Şəxsi həyatımızı həmişə gizli saxlamışıq.

D.K.: Bunu açıqlamağa artıq məcbur idik. Açıqlamaq istəmirdik. Bunu yenə də biz açıqlamamışdıq. Hansısa qohumumuz sosial şəbəkədə bildirmişdi. Bundan sonra bu xəbər bomba kimi partladı (gülür). Elmar Babanlı bizim bacı olmağımızı çox gözəl bilir. Bizim çox vaxt “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovla görüşümüzə mane olan o insan olub.

– Bu sualı mütləq verəcəyəm. Çoxları üçün maraqlıdır. Soyadlarınızın fərqli olması nə ilə bağlıdır?

D.K.: Bu, ailəmizin şəxsi sirridir. ARB telekanalı da anamdan müsahibə alanda demişdi ki, o nüansa toxunmaq istəmirəm.

– Aranızda səkkiz yaş fərq var. Subordinasiya qorunurmu?

D.K.: Əlbəttə, bu var. Bunu da bizə anamız aşılayıb. O mənə hörmət etməsə, aramızda belə münasibət olmazdı. Mən tez və səhv qərar verən, hisslərlə davranan, Xanım isə düşünən, beyinlə hərəkət edəndir. O məni həmişə səhv yoldan döndərir. Məndən kiçik olsa da, həmişə ona qulaq asıram.

X.H.: Ancaq biz ilk növbədə ən yaxın dostuq. Ondan başqa mənim güvəndiyim ən yaxın dost yoxdur… 15 ildir ki, idmandayam. Bizim cüdoda çox yaxşı oğlan və qızlar var. Ancaq çoxu puç olub gedir. Mənim çempionluğum Allahın yazdığıdır. Ancaq bu çempionluğa elə layiq qızlarımız var ki, üzə çıxa bilmirlər. Məşqçi dəyişikliyindən də çox şey asılıdır. Rəşad Məmmədov və Rəşad Həsənov mənim uğurlarımda pay sahibi olublar. Bizim qızlar yarışlara beyinlərində “onsuz da uduzacağam” kimi düşüncəylə, “turist” kimi yollanırlar. Bu ən böyük psixoloji problemdir. Mən uduzmuşamsa, Olimpiya, dünya çempionlarına yenilmişəm və ya ən pis halda xəbərdarlıq xalı ilə məğlub olmuşam. Yəni hər görüşdə vuruşaraq uduzmuşam. Finalda ukraynalı rəqibimin bir səhvini tutub fənd etdim. Onu etməsəydim, bəlkə, hələ səkkiz-doqquz dəqiqə güləşəcəkdik.

– Həm də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarısınız. Rütbəniz var?

D.K.: Yox, ikimiz də gizirik. İlk olaraq oraya işə mən düzəlmişəm. Məndən iki il sonra Xanım da FHN əməkdaşı oldu. Klubumuz “Neftçi” sayılsa da, ondan çox dəstək olurlar. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev, onun müavini Məhərrəm Həsənov bizə çox azarkeşlik edirlər. Xanım güləşən vaxt Bakıda səhər saat altı olsa da, onlar yuxudan durub, mənə yazıb, nəticə ilə maraqlanırdılar. Yarışdan sonra bizə fəxri ad veriləndə bizim general dedi ki, mənim xəyalımda 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden almaqdır, amma siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” orden aldınız (gülür)…

Ümumiyyətlə, biz Paralimpiya Oyunlarında pulu düşünüb qalib gəlmədik. Hərəmizə veriləcək 200 min manatı düşünsəydik, qalib gələ bilməzdik. Məqsədimiz himni bir daha səsləndirmək idi. Biz Tokioya yola salınanda XTQ-nin bir hərbçisi kapitanımıza Qarabağda dalğalanmış köhnə bayraq verdi. Dedi ki, biz bunu orada dalğalandırdıq, siz də bunu Tokioda davam etdirin. Onda mənim gözüm dolmuşdu.

X.H.: Biz çempion olanda qaçışçı Lamiyə Vəliyevanın o qədər camaatın içində gözləri dolmuşdu. Ümumiyyətlə, yarış boyu mediadan çox böyük dəstək gördük. Sosial şəbəkələrdəki kommentlərdə də bir dənə bizim barədə tənqidi fikir yox idi. Ölkə başçısı və onun xanımının paylaşımları da bizə əlavə motivasiya verirdi.

– Bir-birinizin görüşlərini arenadan izləmək imkanınız olmadı. Buna səbəb kişi paracüdoçumuz Ramil Qasımovda koronavirus testinin müsbət çıxması və komandanın karantinə alınması oldu. Bu amil sizə necə təsir etdi?

X.H.: Ramil Qasımovda test müsbət çıxanda mənim az qala ürəyim getmişdi. Çünki təyyarədə 14 saat onun yanında mən oturmuşdum (gülür). Bizi karantinə aldılar və üç gün otaqdan bayıra çıxmadıq. Otaqlar kartondan idi. Az qala komanda panika keçirirdi. Bütün hamı Atletlər Kəndində gəzirdi, bir bizdən başqa. Bizim yemək seçimi imkanımız yox idi. Çünki yemək otağımıza gətirilirdi.

D.K.: Atletlər Kəndini biz ancaq hər səhər COVID-19 analizi verməyə gedəndə görürdük. Hər səhər test verib otaqlarımıza qaytarılırdıq. Hər otaqda iki nəfər qalırdı. Mən bacımla birgə idim. Otaqdakı gecə lampasından əvvəlcə o, qızıl medalını asdı, sonra mən.

– Siz öz saç üslubunuzla tanınırsınız. Heçmi dəyişməyi düşünmürsünüz?

X.H.: Hər zaman saçım qıvrım olub. Nə də etsəm, dəyişmir.

D.K.: Xanım həm də bu saç üslubu ilə rəqiblərini qorxudur. Rəqib elə bilir ki, Xanım monstr-filandır (gülür).

– Sualım Dürsədəfədir. Avqustda 37 yaşınız tamam olacaq. Karyeranızı davam etdirmək, yoxsa ailə həyatına qoşulmaq istəyirsiniz?

D.K.: İstəyirəm ki, növbəti dəfə Paralimpiya çempionu olum və bu sevinci yenidən yaşayım. 2024-cü ilə iki ildən də az vaxt qalıb. Bir də ki İlham Zəkiyevin 42, Ramil Qasımovun 40 yaşı var və hələ də karyeralarını davam etdirirlər. Həm də bu il 30 avqust – 5 sentyabr tarixlərində İtaliyanın Kalyari şəhərində Avropa çempionatı və 4-9 noyabr tarixlərində Bakıda dünya çempionatı var. Həmin yarışların da çempionu olmaq istəyirəm.

Səbuhi Musa
FOTO: Ramil Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir