“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı ölkəsindən uzaqlaşdırmaq istəyi Cənubi Qafqazı Suriya, Liviya və Ukraynaya çevirmək riskini kifayət qədər artırır”.
Bunu “Report”a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.
Onun fikrincə, bölgədə ABŞ, İran, Rusiya və Fransa hərbçilərinin yerləşdirilməsinin müzakirə olunması belə, Cənubi Qafqaz üçün çox böyük təhdiddən xəbər verir. Siyasi icmalçı vurğulayıb ki, bu siyasət eyni zamanda Ermənistanın bir dövlət kimi yox olması ilə nəticələnə bilər.
Z.Məmmədovun sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən Bakı-İrəvan münasibətlərinin nizamlanmasına qarşı və ümumilikdə Ermənistanla Azərbaycan arasında baş verənlərlə bağlı ciddi geosiyasi addımlar atılır.
Siyasi şərhçi bildirib ki, Ermənistan rəsmilərinin ABŞ və Fransaya tez-tez baş tutan səfərləri, keçirdikləri görüşlər N.Paşinyan hökumətinin Rusiya və Türkiyə arasında ciddi şəkildə yaxınlaşması fonunda Moskva tərəfindən istədiyi dəstəyi ala bilməyəcəyini başa düşdüyünü deməyə əsas verir:
“Hazırda Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi maksimum həddədir. Buna birbaşa olaraq Nikol Paşinyan yön verib. Onun məqsədi ABŞ-ı, həmçinin Qərbi Cənubi Qafqaza gətirməkdir. Paşinyan bunun üçün maksimum fəaliyyət göstərir. Əlbəttə, rəsmi İrəvan bilir ki, “Rusiya bizə dəstək göstərmir”, o cümlədən guya Azərbaycanın “aqressiyası” ilə qarşı-qarşıya olduqları barədə bəyanatları fonunda ABŞ-dakı bəzi dairələrdən və Fransadan dəstək alacaq.
Ermənilərin bu gün “Biz Rusiyanı istəmirik, Rusiyanın əsgərlərini Ermənistandan çıxarmağa və onun Ermənistandakı siyasi nüfuzunu yox etməyə hazırıq” kimi fikirləri ABŞ və Fransanın dəstəyini almağa hesablanıb. Biz bu tezislər fonunda görürük ki, həqiqətən, Paris və Vaşinqton hazırda Ermənistana ciddi şəkildə siyasi dəstək verirlər. Əlbəttə, bu siyasi dəstəyin sonu hərbi və iqtisadi dəstəklərlə də yekunlaşa bilər”.
N.Paşinyanın bir neçə dəfə beynəlxalq missiyanı Ermənistana gətirməsi ilə bağlı səsləndirdiyi fikirlərdən bəhs edən politoloq qeyd edib ki, görünür, İrəvan, Paris və Vaşinqtondakı bəzi dairələr arasında müəyyən dialoq baş tutub:
“Ermənistanın baş naziri beynəlxalq missiya deməklə ilk növbədə ABŞ və Fransa hərbçilərini nəzərdə tutur ki, onları Ermənistanda yerləşdirsin. Bununla o, həm Ermənistanın sərhədlərini qorumaq, həm də ən əsası, Rusiyanı Ermənistandan uzaqlaşdırmaq məqsədi güdür”.
Z.Məmmədov hesab edir ki, Ermənistan üçün yeganə çıxış yolu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir:
“Bizim üçün hansı beynəlxalq aktorun qarşımızda olacağının isə bir fərqi yoxdur. Məqsədimiz bəllidir və Azərbaycan bu məqsədə doğru əmin addımlarla irəliləməyə davam edəcək”.