• Be. Noy 25th, 2024

Pol Qobl: “Aksiyaya qarşı çıxanlar Ermənistanın öhdəliklərini yerinə yetirməsini təmin etməlidirlər” -MÜSAHİBƏ

ByYenigun.news

Apr 3, 2023


“Qarabağ erməniləri hələ Azərbaycana tam inanmırlar”.

Bunu ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, amerikalı məşhur politoloq Pol Qobl (Paul A.Goble) “Report”a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Ermənilər son günlər yenidən təxribatlara əl atırlar. Sizcə, bunun səbəbi nədir?

– Əlbəttə, təxribatlar sülh perspektivinə əngəl yaradır. Təzliklə Cənubi Qafqazda gərginliyin artması mümkündür. Bu isə o deməkdir ki, eskalasiya ehtimalı da var. Hazırkı şəraitdə bunu heç vaxt istisna edə bilmərik.

– Azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanı necə qiymətləndirirsiniz?

– Bu məsələni hərə bir cür qiymətləndirə bilər. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, kommunikasiya xətlərinin açılmasına mane olur. Laçın yolundakı aksiyalara qarşı çıxanlar bu öhdəliyin icra edilməsini təmin etməlidirlər. Əlbəttə, silahların daşınmasına dair məlumatlar dəqiqdirsə, burada Rusiya sülhməramlılarının da rolu var.

– Bir müddət əvvəl Azərbaycanın rəsmi şəxsləri Xocalıda erməni icmasının nümayəndələri ilə görüşüblər. Bundan sonra onlar iki dəfə Bakıya dəvət olundular. Amma hələ ki, təklifimizə müsbət cavab verilməyib. Sizcə, Qarabağ ermənilərinin Bakıya gəlmələrinə kim mane olur?

– Qarabağ erməniləri hələ Azərbaycana tam inanmırlar. Onlar digər vətəndaşlar üçün nəzərdə tutulmuş hüquq və vəzifələrdən yararlana biləcəklərinə şübhə edirlər. Fikrimcə, ermənilərin reinteqrasiyası ilə bağlı əsas baryer budur. Azərbaycanın səyləri, o cümlədən humanist addımları isə şübhəsiz ki, davam etməlidir. Rəsmi Bakıya Qarabağ ermənilərinə onların yanlış düşündüklərini və səhv yolda olduqlarını göstərməlidir.

– Cənab Qobl, İran Ermənistanı dəstəkləməklə yanaşı, Azərbaycanla da diktə dilində danışmağa çalışır. Bu dövlətin Cənubi Qafqazda maraqları nədən ibarətdir? İrandakı aksiyalar nə ilə nəticələnəcək? Rejim dəyişikliyi gözlənilirmi?

– İran Rusiyanın zəifləməsindən istifadə edib Cənubi Qafqazdakı təsirini gücləndirmək istəyir. İranın aqressiv davranışları da bu kontekstdən qiymətləndirilməlidir.

– Rusiya ilə Ukrayna arasında müharibə bir ildən çoxdur, davam edir. Döyüş meydanındakı vəziyyəti necə qiymətləndirirsiniz?

– Ukrayna gözlənildiyindən daha güclü iradə ortaya qoydu. Lakin müharibə hələ bitməyib. Etiraf etmək lazımdır ki, Rusiyanın imkanları da hələ tükənməyib. Qərb Ukraynanı tam dəstəkləyərsə, bu dövlət uduzmayacaq. Amma Rusiyanın nələr tələb edəcəyi hələ bəlli deyil. Sülh isə yaxın gələcək üçün gözlənilmir.

– Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə nüvə silahından istifadə oluna biləcəyini deyib. Sizcə, bu mümkündürmü?

– Bəlkə də, Putin gələcəkdə bu barədə əmr verə bilər. Yəni bu, mümkündür. Lakin icraçıların Kreml rəhbərinin bu əmrini yerinə yetirəcəklərinə ciddi şübhələrim var. Kremldəki fikir ayrılıqları, onsuz da, aydın hiss olunur. Sözsüz ki, Ukraynadakı müharibənin nəticələrinin qlobal əhəmiyyətli təsirləri olacaq. Savaş, həmçinin Cənubi Qafqazdakı duruma da təsir edəcək.

– Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə-taktiki silahının yerləşdiriləcəyini elan etdi. Necə düşünürsünüz, bu qərar nüvə eskalasiya riskini daha da artırmır?

– Putin Çin lideri Si Cinpinlə uğursuz görüşündən sonra bu qərarı verdi. Yəqin, o göstərmək istəyir ki, hələ də gücü var və nələrsə edə bilər. Amma dediyim kimi, hətta əmr verilsə belə, nüvə silahının tətbiqinə dair şübhələrim var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir