“Azərbaycan və San-Marino arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı səfirlə söhbət əsnasında San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə edib.
Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətlərindən danışıb, İtaliya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayıb.