“O ölkə ki Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur, Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edir. Bu, necə ola bilər?”
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
“Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazilərində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışırlar!? Bu, siyasi riyakarlıqdır”, – deyə Azərbaycan Prezidenti bildirib.