• Be. Noy 25th, 2024

Prezident: “Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq”

ByYenigun.news

Avq 24, 2022

Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib.

“Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti ilə görüşü zamanı onu Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırdığını, Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiqlədiyini bildirərək deyib: “Mən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan tərəfindən beynəlxalq qurumlar çərçivəsində daim dəstəklənməsinə görə təşəkkürümü bildirdim. Biz Azərbaycanda bunu yaxşı bilirik və çox yüksək qiymətləndiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir