• Be. Noy 25th, 2024

“Prezidentin sərəncamı Azərbaycanın radio məkanına kənar müdaxilələrin qarşısını alacaq” – RƏY + FOTO

ByYenigun.news

İyl 26, 2023


“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncamı bir çox aspektlərdən, xüsusilə də informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkənin radio məkanına kənar, xüsusilə də konstitusiya quruluşumuza zidd ideoloji təbliğat xarakterli müdaxilələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir”.

Bunu “Report”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın sərhəd rayonlarında, eləcə də digər ərazilərdə qonşu ölkələrin, o cümlədən Ermənistan və İranın radio dalğaları milli radio resurslarının dalğalarını üstələyir və əksər hallarda feyk xəbərlər yayır, Azərbaycan əleyhinə təbliğat aparır, mədəniyyətimizi, milli musiqimizi, tariximizi təhrif edir.

“Prezidentin sərəncamı ilə ayrılan maliyyə vəsaiti ilk növbədə ölkədə mövcud olan yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılmasına xidmət edəcək. Nəticədə milli radio məkanımızın imkanları genişlənəcək, mövcud resurslardan səmərəli istifadə olunmasına və təbii ki, sadaladığım problemlərin də aradan qaldırılmasına imkan yaranacaq”, – E.Mirzəbəyli vurğulayıb.

Baş redaktor bildirib ki, dövlət başçısının sərəncamı ölkənin informasiya məkanının qorunması, inkişaf etdirilməsi, coğrafi və məzmun baxımından daha geniş təsir imkanlarına malik olması baxımından mühüm önəm daşımaqla yanaşı, həm də ölkədə radioyayım sahəsinə, radio kanallarının səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürüdür.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir