Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir:
“Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın”.
Nazirlər Kabinetinə həmin tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etmək, sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Sərəncamın icrası radioyayımçılar ilə əlaqəli şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Audiovizual Şura tərəfindən həyata keçiriləcək.
Sərəncam ölkədə radioyayım sahəsində xeyli inkişafa şərait yaradacaq. Belə ki, bu sərəncam ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılmasına xidmət edir.
Dayanıqlı fəaliyyətin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması qarşıda duran vəzifələr sırasındadır.
Bunlar radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsinə, milli radiotezlik resursundan səmərəli istifadəyə gətirib çıxaracaq.
Məlumat üçün deyək ki, ölkədə fəaliyyət göstərən 20 radio kanalının 16-sı, əsasən, Bakıda fəaliyyət göstərir. Sərəncamın icrası radio kanallarının ölkə ərazisində geniş yayılmasına şərait yaradacaq. Kanalların bölgələrə çıxışı reklam bazarının da genişlənməsinə xidmət edəcək.
Müasir yayım avadanlıqlarının və texnologiyalarının istifadəsi radioyayım keyfiyyətini yüksəldəcək, tezliklərdən səmərəli istifadə ediləcək, ölkə ərazisində yayımın dayanıqlığı və fasiləsizliyi, davamlı enerji təminatı təmin olunacaq.
Nəticədə radio kanallarının texniki təminatı, o cümlədən Naxçıvanda mövcud olan radioyayım infrastrukturu da müasirləşdiriləcək.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri sırasında həmin bölgədə tele-radioyayım infrastrukturunun da yaradılması nəzərdə tutulur və sərəncam bu məqsədə də xidmət edir.
Bununla da ümumilikdə ölkənin efir məkanının dayanıqlılığı təmin olunacaq.
Ümumilikdə sərəncam ölkədə radioyayım sahəsinə, radio kanallarının səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürüdür.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev ölkədə media sahəsinin hərtərəfli inkişafına daim diqqət göstərir.
Televiziya, onlayn və çap mediaları ilə yanaşı, radionun da inkişafı diqqət mərkəzindədir. Bu, ardıcıl xarakter daşıyır.
Bildirək ki, 2021-ci ildə Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə vəsait ayrılıb.
Xatırladaq ki, 2021-ci ildə Prezidentin sərəncamı ilə televiziya və radioların texniki imkanlarının artırılması, əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilib.
2022-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb.
Aqil Vəlili