Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərləri çərçivəsində rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra ölkə başçısı çıxışında bildirib ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb.
Ermənistanın 2020-ci il sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur odu.
Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bugünkü Azərbaycan, onun ordusu Heydər Əliyevin görmək istədiyi Azərbaycan və ordudur. 44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu. Düzdür, 2016-cı ilin aprelində və ötən ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə Ermənistanın Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.
Ordunun inkişaf etdirilməsi, onun ən müasir döyüş vasitələri ilə təchizatı, hər zaman Vətənin suverenliyi uörunda canını fəda etməyə hazır olan şəxsi heyət yetişdirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir. Bu məqsəd üçün güclü potensial yaradılmışdır.
Bütün işğalların sonu işğalçıların məğlubiyyəti ilə bitir. Ali Baş Komandan İlham Əliyev kapitulyasiya, məğlubiyyət aktına əbədilik imza atdı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.
Emil Şəmmədov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı