Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Ermənilər həmişə qoca, qadın və uşağa zülmlər ediblər” adlı veriliş Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kənd sakini Sədaqət Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıqda, orta məktəb illərində müxtəlif oyunlar oynadıqlarını deyib, məhəllə, bulaq, kəhriz, dağ, yaylaq, pir və meşədə gəzdiklərini, eləcə də Novruz bayramını el adəti üzrə çox gözəl keçirdiklərini xatırladıb: “Buğdadan qovurğa qovururduq. Zeynəb nənəm o qovurğanı kirkirə ilə çəkər və qovut hazırlayardı. Qovutu yumru-yumru edib Novruz adətləri ilə düzərdik. Nişanlı qızlar rəngli corablar toxuyub oğlanlara bağlayardılar. Əgər yenidən kəndimə getsəydim, dizlərimi yerə qoyub torpağımı öpərdim. Qəbiristanlığa baş çəkər, yaylaqlarımıza, Miyanbutun zirvəsinə qalxar, pirlərə nəzir verərdim”.
Onun sözlərinə görə, deportasiya illəri çox çətin keçib: “1988-ci il noyabrın 12-si idi. Kəndə səs yayıldı ki, ermənilər gəlirlər. Orada rus zabitləri də var idi, guya bizi qoruyurdular. Amma bu, heç də belə deyildi. Cavanlarımız hər gecə dağların başına çıxıb camaatı qoruyurdular. O günləri xatırlayanda həmişə ağlayıram. Üç uşaq anası idim. Uşaqlar da körpə idilər. Onların ikisini bir əlimdə, birini də bir əlimdə tutmuşdum. Hər gün ermənilər bizi qorxudurdular. Atışma səsləri edərək gəlirdilər ki, biz qorxaq. Biz 3 il qoruna bildik. 1991-ci il avqustun 8-dək cavanlarımız kəndi qorudu. Amma məcburən bizi o torpaqlardan qovdular. Biz Zəngilanın Vejnəli kəndinə getdik və orada palatkalara yerləşdik. Oradan da Bakıya gəldik”.
S.Həsənova həmişə kəndə qayıtmaq arzusunda olduğunu vurğulayıb: “44 günlük müharibədən sonra Qarabağ torpaqları alındı. İnşallah, Nüvədiyə də gedəcəyik. Yuxularda da görürəm ki, gedəcəyik. İllərdir Vətənimin həsrətini çəkirəm. Vətən doğulduğun yerdən başlayır, orada məskən salmalısan və torpağa dönməlisən. Orada babalarımız, nənələrimiz uyuyur, ailələrdən gənc uşaqlar uyuyur. Mən Nüvədiyə nəvələrimlə gedəcəyəm. Uşaqlıqda gəzdiyim, şıltaqlıq etdiyim, oynadığım yerləri nəvələrimə göstərəcəyəm. Nəvələrim də sevinəcək ki, biz artıq ata-baba yurdumuzdayıq. Gözəl kəndimizdə, bizim üçün darıxan kəndimizdə onun üçün darıxan ürəklər təsəlli tapacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.