• Ca. Noy 28th, 2024

Qərbi Azərbaycan Xronikası: Ermənistana peşkəş verilən Göyçə mahalı – VİDEO

ByYenigun.news

İyn 21, 2023


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə tarix boyu aborigen türk tayfalarının yaşadığı, Azərbaycandan qanunsuz şəkildə qoparılan və oğuz türklərinin deportasiya edildiyi Göyçə mahalı haqqında süjet hazırlanıb.

Ramin İbrahimovun aparıcılığı ilə təqdim olunan “Göyçə mahalını Ermənistana kim verdi?” adlı süjetdə XIX və XX əsrlərdə “Odlar yurdu”nu parçalamaq üçün Cənubi Qafqaza məqsədyönlü şəkildə köçürülən ermənilərin hazırda girovunda qalan Göyçə mahalından söz açılır.

Bildirilir ki, Göyçə mahalında VIII əsrin əvvəllərindən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli tayfaların axını və məskunlaşması prosesi başlayıb:

“Mahal 1747-1828-ci illərdə İrəvan xanlığının tərkibinə daxil edilib. Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edilib”.

Diqqətə çatdırılır ki, 1828-1832-ci illər siyahıyaalınmasının nəticələrinə əsasən, XIX əsrin 30-cu illərinə doğru Göyçə mahalında mövcud olan 59 kənddən 36-sında yaşayış olub: “1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göyçə mahalında 67 kənd dağıdılır və əhalisi didərgin salınır, 19 kəndin adı isə unudulub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Göyçə mahalını Ermənistana verib. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə Çəmbərək rayonu – indiki Krasnoselsk, Basarkeçər rayonu – indiki Vardenis, Aşağı Qaranlıq rayonu – indiki Martuni, Kəvər rayonu – indiki Kamo inzibati rayonları arasında bölünüb. Göyçə gölü ətrafında yerləşən mahal Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların yığcam yaşadığı ərazilərdən əsası sayılıb”.

Süjetdə ermənilərin Göyçə gölünün adını necə dəyişdirməsinə də toxunulur və məlumat verilir ki, gölün Sevan adlandırılması 1930-cu ilə aiddir. Dəniz səviyyəsindən 1900 m yüksəklikdə yerləşən Göyçə gölü Qafqaz regionunda ən böyük su hövzəsi, Avrasiyanın ən böyük şirin sulu yüksək dağ göllərindən biridir və “Qafqazın incisi” hesab edilir.

Sonda qeyd olunur ki, Göyçə mahalı İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisinə, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı olub: “Nəhayət, 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminə etiraz əlaməti olaraq Göyçə mahalında da etiraz mitinqləri başlayıb. Ayağa qalxan əhali öz haqqını tələb edib, doğma yur-yurd yuvasını tərk etmək istəməyib. Lakin ermənilər havadarlarının köməyi ilə istəyinə çatıb və yerli əhalini bu mahaldan pərən-pərən salıb. 35 ildir yurd həsrəti ilə yaşayan göyçəlilər indi Ata ocağına yenidən qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir