• Bz. Noy 24th, 2024

Qərbi Azərbaycan Xronikası: “Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb” – VİDEO

ByYenigun.news

Mar 25, 2024

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev olub.

O, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən söhbət açıb.

Bildirib ki, Teymurilər dövlətinin banisi, türk sərkərdəsi Əmir Teymurun böyük ordusunun önündə daim canlı sipərlər olub. Bu canlı sipərlər fəthlər zamanı əsir götürülənlərdən təşkil olunub.

Alimin sözlərinə görə, Osmanlı İmperiyası ilə savaş müddətində Əmir Teymurun qoşunlarının önündə canlı sipər kimi istifadə edilənlər arasında az sayda ermənilər də olub. Savaş yekunlaşandan sonra həmin ermənilərin bir qismi Qafqaz regionunda qalıb.

Səfəvilər dövlətinin ilk rəhbəri Şah İsmayıl Xətainin dövründə isə ermənilər Eçmiədzin kilsəsində ibadət etməyə və bu ərazidə məskunlaşmağa icazə alıblar. Həmin dövrdə onların ümumi sayı cəmi 1000-1500 nəfər təşkil edib. Lakin sonrakı illərdə onlar Hindistandan gəlmə hay-boşa qaraçı tayfalarını Qafqaz regionuna cəlb etməyə başlayıblar. Təsadüfi deyil ki, ermənilərin soy-kökü məhz bu hay-boşa qaraçı tayfaları ilə bağlıdır.

Dosent Z.Əliyev deyib ki, 1805-ci il “Kürəkçay”, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra ermənilər kütləvi şəkildə tarixi torpaqlarımıza, o cümlədən İrəvan və Qarabağ xanlıqları ərazilərinə köçürülüblər. O söyləyib ki, ermənilər bu coğrafiyaya köçürülmə xalq olduqları üçün Azərbaycan ərazilərində aparılan arxeoloji qazıntılarda onların hər hansı tarixi izinə rast gəlmək mümkün deyil. Alim tarixdə ərmən adlı dövlət, xalq və ya tayfanın olmadığını da dilə gətirib. Qeyd edib ki, ərmən cəsur, döyüşkən şəxslərə verilən bir tituldur. Onun fikrincə, tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb.

“Böyük Ermənistan” ideyasının Fransadakı kilsədə ortaya atıldığını, bununla da ermənilərə saxta ideologiya hazırlandığını diqqətə çatdıran Z.Əliyev deyib ki, haylar mövcud olmayan şəxslərin adından özlərinə “tarix” yaradıblar. Alim vurğulayıb ki, Qərbi Azərbaycanda ermənilərə aid abidə yoxdur və onlar Albanlara məxsus tarixi saxtalaşdıraraq öz adlarına çıxırlar. Haloqrupun insanın genetik antropoloji kodunun göstəricisi olduğunu xatırladan müsahib diqqətə çatdırıb ki, araşdırmalar nəticəsində ermənilərin haloqrupunda 16 millətin xromosomu tapılıb. Onun sözlərinə görə, tam sübut olunub ki, ermənilərin Qafqaz regionu ilə bağlı genetik kodları yoxdur.

Alim bildirib ki, Türk-Alban əlifbasında yazılan yüzlərlə tarixi sənəd, o cümlədən Daşkəsən rayonunun Bayan kəndindəki Alban kilsəsindən oğurlanan V əsrə aid “İncil” kitabı Matenadaranda – İrəvan əlyazmalar və sənədlərin qorunma mərkəzində saxlanılır. O, ilk xristianlığın Azərbaycan ərazisində yaradılmasının İsrail və Almaniya alimləri tərəfindən sübut olunmasına da diqqət çəkib.

Dosent Z.Əliyev müsahibəsində Monqol İmperiyasının banisi Çingiz xanın ulu babalarının Qərbi Azərbaycandan köçən Qaratatarlar tayfasından olduğunu söyləyib. Əlavə edib ki, tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinin nəticəsi olaraq, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır. Bundan sonra isə vaxtilə erməniləşdirilən Azərbaycan yer adlarının bərpası Ermənistan dövlətindən tələb edilməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir