• Şb. Noy 23rd, 2024

Qərbi azərbaycanlı həkim Türkiyə parlamentində Azərbaycanın səsi olmaq istəyir

ByYenigun.news

Mar 30, 2023


“Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilliyinə namizədliyimi irəli sürməkdə başlıca məqsədim, Türkiyə vətəndaş olaraq Prezident İlham Əliyevin ideyası əsasında “Qərbi Azərbaycan İcması” çərçivəsində həyata keçirilən Qayıdış Konsepsiyası ilə əlaqədar uğurlu siyasətinin nəticələrini TBMM-in gündəminə gətirmək və qardaş ölkədə yaşayan azərbaycanlıların səsi olmaqdır”.

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkilliyinə namizədliyini irəli sürən Qərbi azərbaycanəsilli Əsmayə Novruzova Özörmenoğlu bildirib.

Özörmenoğlunun sözlərinə görə, hazırda yaşadığı Antalya şəhərində 60-dək namizəd 17 millət vəkili yeri uğrunda mübarizə aparır. O, bu mübarizədə qalib olacağına inanır:

“Seçki fəaliyyətlərimi partiyamızın və Türk dünyasının müdrik lideri Dövlət Bağçalının göstərişinə uyğun olaraq icra edəcəyəm. Hazırda partiyamızda namizədlər arasında yarış mərhələsindəyik”.

Ə.Özörmenoğlu onu da vurğulayıb ki, Türkiyədə prezident seçkilərində MHP-nin prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğan onun da səs verəcəyi yeganə şəxsdir.

Ə.Özörmenoğlu əlavə edib ki, türkçülük, turançılıq ideyalarını təbliğ edən bir ailədə böyüyüb və bu ideyaların daşıyıcısı olan MHP-yə bu il üzv olub:

“İndiki Ermənistan sərhədləri daxilində olan Qərbi Azərbaycanda uşaqlığımı yaşadım və öz doğma vətənimizdə, qədim türk yurdunda Azərbaycan türkü olaraq yaşamanın nə qədər çətin olduğunu gördüm. Bir Qərbi azərbaycanlı olaraq həyatım bu çətinliklərlə mücadilədə keçdiyinə görə, mübariz bir insan kimi formalaşdım. Ən böyük arzum Türk dünyasının bir nümayəndəsi kimi MHP-nin də əsas qayəsi olan, vətənpərvərlik, türkçülük, turançılıq ideyasının yüksək mənəvi dəyərlərini yaymaqdır”.

Qeyd edək ki, 1977-ci il doğumlu Ə.Özörmenoğlu ixtisasca həkimdir. 2017-ci ildə Ankara Universitetinin Uşaq Sağlamlığı və Xəstəlikləri fakültəsində təkmilləşdirmə təhsili alarkən tanış olduğu Türkiyə vətəndaşı Alper Özörmenoğlu ilə 2018-ci ildə ailə qurub və bu ölkədə məskunlaşıb. 2021-ci ildən Antalya Memorial Xəstəxanasında həkim olaraq çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir