“Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixə düşən mühüm qərarlardan biridir. Bu addım göstərir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra dirçəliş işləri ilə paralel olaraq, həmin ərazilərimizə təhsilimiz, elmimiz, mədəniyyətimiz də qayıdır”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib. Deputat qeyd edib ki, Qarabağ Universitetinin yaradılması zərurətdən doğub:
“İşğaldan azad edilən ərazilərdə mütəxəssislərin hazırlanmasına, iqtisadiyyata töhfə verəcək, tarix və mədəniyyət abidələrini tədqiq edəcək, qoruyacaq kadrların yetişdirilməsinə, digər sahələrdə inkişafı təmin etmək üçün insan kapitalının gücləndirilməsinə ehtiyac var. Universitetin yaradılması ilə yeni kadrlar yetişəcək. Bəlli infrastruktur formalaşacaq və bu vəziyyət həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonundakı tərəqqiyə təkan verəcək.
Hesab edirəm ki, universitetin yaradılması təkcə elm və təhsil məsələsi deyil. Bu, eyni zamanda, siyasi, strateji addımdır. İnanıram ki, Qarabağ Universiteti ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olacaq”.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Aysel Aslan