İyulun 26-da Ermənistan humanitar yardım adı altında Qarabağa 400 tonluq yük göndərməyə cəhd edib, lakin Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsindən onların keçidinə icazə vermir.
İlk olaraq adi təhlükəsizlik-texniki prosedurlara nəzər yetirmək vacibdir. Məsələnin siyasi tərəflərini bir kənara qoyaq. Sərhəd-buraxılış məntəqəsindəki rejimin məntiqi belədir ki, kimsə oranı qanunsuz keçməyə cəhd edə bilməz.
Əgər etsə, bu, dövlət sərhədini pozmaqdır, bu zaman isə güllə də atılmalıdır, başqa tədbirlər də görülməlidir.
Yəni ermənilər düşünürlərsə ki, gəlib istədikləri kimi “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçəcəklər və onlara kimsə toxunmayacaq, onda yanılırlar.
Məsələnin hərbi-təhlükəsizlik tərəfləri və sərhəd rejimi prosedurları tələb edir ki, qanunsuz keçid zamanı güc tətbiq edilsin. Yəni ortaya çıxa biləcək nəticələrə görə məsuliyyəti Azərbaycan yox, təxribatçılar daşıyırlar.
Təbii ki, Azərbaycan maksimum təmkin və səbir nümayiş etdirir, amma “qırmızı xət”lərin aşkar tapdalanması zamanı o səbir kasası daşacaq.
Məsələnin siyasi tərəflərinə gəlincə, Ermənistan guya öz aləmində fövqəladə biclik edir, humanitar missiya adından bərk-bərk yapışaraq şərait yaratmaq istəyir ki, sərhədin sıfır nöqtəsində təxribat olsun. Təxribat Ermənistana ona görə sərf edir ki, mümkün toqquşma zamanı Azərbaycan tərəfi atəş aça bilər və İrəvan bununla isbat etməyə çalışar ki:
– Azərbaycan mülki insanlara, humanitar yüklərə atəş açır;
– Beynəlxalq aləm Azərbaycanın Qarabağ bölgəsində humanitar böhran yaratması nağıllarına inansın.
Yəni Ermənistanın Azərbaycan ərazilərindəki ermənilərə humanitar yardım aparmaq cəhdi:
– Siyasi spekulyasiyadır,
– Azərbaycana qarşı şantajdır,
– Beynəlxalq ictimaiyyət üçün qurulan bir tamaşadır.
Qeyd etmək lazımdır ki, Ermənistan və ona züy tutan dairələrin hərəkətləri Bakı ilə İrəvan arasında sülh danışıqlarının kritik mərhələyə qədəm qoyduğu zamanda baş tutur. Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılığa əsasən, Qarabağa humanitar yüklər Ağdam-Xankəndi yolu ilə daşınmalıdır.
Deməli, Qarabağda açıq qalan məsələlərin həlli Azərbaycanın daxili işi kontekstində sürətlə irəliləyir ki, bu da həm Rusiya, həm də Qərb platformasını narahat edən müstəviyə çevrilir.
Ona görə də əldə edilmiş razılıqları sabotaj etmək uyğun plan kimi işə salınır. Ağdam-Xankəndi yolu ilə Azərbaycanın ermənilərə lazım olan avadanlıqlar, ərzaq çatdırmaq jestini az qala rasizm kimi xarakterizə etmək cəhdi həmin planın informasiya-təbliğat sektorunu əhatə edir.
Halbuki, Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan ermənilərə zəruri malların çatdırılması həm ucuz başa gəlir, həm də məsafə baxımından sərfəlidir.
Açıq-aşkar görünür ki, Azərbaycanın həll etmək istədiyi məsələlərə humanitar böhran donu geyindirilir, hərçənd, ortada bir böhran yoxdur.
Məsələyə münasibətdə Qərblə Rusiya eyni quyudan su içirlər, hər ikisinin qızışdırıcı əməlləri özünü açıq büruzə verir.
Bir müddət əvvəl Rusiya da Qərbin leksikonundan düşməyən “böhran” sözündən bərk-bərk tutmuşdu, lakin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı görüşündən sonra bir qədər sönükləşdi. Ötən gündən etibarən isə Qərb Ermənistanın humanitar yük daşıması fonunda Moskvanın verdiyi fasilədən yaranan boşluğu doldurmağa çalışır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan arasında etibarlı vasitəçiyə çevrildiyi bir zamanda elə İttifaqın öz daxilindən gələn səslər fərqlidir.
Birincisi, Aİ-nin Ermənistandakı missiyası Ermənistanın maşın karvanlarını hərbi konvoy kimi müşayiət edir.
İkincisi, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanı ittiham edən tezislərə söykənib.
Üçüncüsü, Kanada Aİ-nin Ermənistandakı missiyasına qoşulub, bu, İttifaqın monitorinqinin nə qədər qərəzli və Azərbaycan əleyhinə cəbhə kimi nəzərdən keçirməsinin bariz nümunəsidir. Doğrudan da, Avropa İttifaqına sual etmək lazımdır: Kanada haradan çıxdı? Onun Aİ missiyasının mandatına qoşulması hansı razılığa söykənir?
Təbii ki, cavablar sürüşkən olacaq, gün kimi aydındır ki, Kanada kimi ermənipərəst bir dövlətin Aİ missiyasına töhfəsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına deyil, sülh proqramının korlanmasına yönəlmiş fəaliyyətdir.
Madam ki, Ermənistanın şou-proqramında aktyor olmaq onlar üçün həyati əhəmiyyətlidirsə, onda Azərbaycanın da ata biləcəyi kontr-tədbirlərdən danışmaqda fayda var.
Ermənistan da, ona havadar olanlar da bilirlər ki, Azərbaycan Laçındakı postunu sökən deyil və daha da irəliyə gedərək Zəngəzur dəhlizi layihəsi istiqamətində həlledici addımlar atacaq.
Ermənistanın son hərəkətləri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini yaratması istiqamətində arqumentlərini gücləndirir, belə ki, əsl blokadada qalan elə Naxçıvandır.
Zəngəzur dəhlizinin perspektiv əhəmiyyəti Azərbaycanın Ermənistan üzərindəki diktəedici gücü fonunda parlaqlaşır. Bəllidir ki, Naxçıvanın blokadasından danışmaq məsələsinə gələndə Ermənistana havadar olanların qulaqları kar, gözləri kor, dilləri lal olur.
Buna görə də Azərbaycan qabağa baxır, Bakı üçün regional nəqliyyat və kommunikasiya blokadasının yarılması Zəngəzur dəhlizi paketinin içərisində xüsusi əhəmiyyət qazanır.
Azərbaycanın əli artıq “Laçın dəhlizi deyilən anlayış yoxdur, əvəzində Zəngəzur koridoru olacaq” diktəsi ilə bərkiyib.
Hətta o məntiq də doğur ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə əldə etdiyi razılaşmaları yaxın zamanlarda icra edəcəyinə cavab olaraq humanitar yük şousu ortaya atılıb. Ancaq bu təxribat Azərbaycanın qarşısını ala bilməyəcək və gün keçdikcə, Zəngəzur dəhlizi aktuallıq çəkisini artırdıqca rəsmi Bakı lazım olan bütün addımları atacaq.
Aqşin Kərimov