• Ç. Noy 27th, 2024

Qazi: “Sosial dəstək paketləri şəhid ailələri və qazilərə xüsusi diqqətin olduğunu təsdiqləyir” – FOTO

ByYenigun.news

Avq 13, 2022

“Azərbaycan Ordusu Vətən müharibəsində əldə etdiyi qələbə ilə dövlətimizin necə güclü və qüdrətli olduğunu bir daha bütün dünyaya göstərmiş oldu”.

Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, Azərbaycan Ordusunun ehtiyatda olan hərbi qulluqçusu, baş leytenant Elnur Xəlilov deyib.

O xatırladıb ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük Zəfərdən sonra artıq regionda yeni reallıqlar yaranıb.

Bu reallıqların Prezident İlham Əliyevin iradəsi və siyasi qətiyyəti nəticəsində yarandığını vurğulayan qazi deyib ki, Azərbaycanın bütün sahələrdə inkişafı göz önündədir.

Azərbaycan hərbçilərinin Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqlarından söz açan baş leytenant bildirib ki, şəxsi heyətin döyüş meydanında göstərdiyi şücaət və igidlik dünya hərb tarixinə qızıl hərflərlə həkk olunub:

“Bizim üçün qürurdur ki, artıq dünyada Azərbaycan Ordusunun gücü, ordumuzun Qarabağın azadlığı uğrunda nümayiş etdirdiyi döyüşkənliyi öyrənilməkdədir. Düşünürəm ki, hər bir azərbaycanlı ordumuzla, şəhidimizlə, qazimizlə fəxr etməli və dövlətimizin başçısının da dediyi kimi, onlara hər bir kəs xüsusi diqqət göstərməlidir. Şəhid ailəsinə, qazilərə diqqət göstərmək təkcə dövlətin məsuliyyəti olmamalıdır, bunda hər bir vətəndaş maraqlı olmalıdır”.

Qazi bildirib ki, torpaqlarımızın azadlığı uğrunda başladılmış Vətən müharibəsində döyüşərkən bunun qarşılığında dövlətdən nəyisə ummağı heç vaxt düşünməyib.

Onun sözlərinə görə, müharibədə hansısa imtiyaza sahib olmaq üçün deyil, vəzifəsi və sırf Vətən qarşısında borcu olduğu üçün iştirak edib:

“Biz döyüşlərdə müharibə bitdikdən sonra ev, maşın əldə etmək üçün, yaxud da digər sosial dəstəklərlə əhatə olunmaq üçün iştirak etməmişik. Mən sırf vəzifəmi icra etmişəm və borcumu yerinə yetirmişəm. Əgər bu Vətəndə yaşayırıqsa, onu qorumaq da hər bir vətəndaşın üzərinə düşən ən böyük məsuliyyətdir. Ancaq bu gün reallıq ondan ibarətdir ki, həm də dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Ölkə başçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına və əlillərinə göstərdiyi xüsusi diqqət və qayğı göz önündədir. Dövlətimizin rəhbərliyinin tapşırıqları layiqincə icra etdiyi üçün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə də təşəkkürümü bildirirəm. Hər bir şəhid ailəsi və qazi üçün nəzərdə tutulan sosial dəstək paketləri açıq-aşkar göstərir ki, ölkəmizdə bu qəbildən olan insanlara xüsusi diqqət var”.

II dərəcəli müharibə əlili olduğunu bildirən E.Xəlilov artıq bir müddətdir ki, dövlət qulluğunda işlə təmin olunduğunu deyib.

O qeyd edib ki, hazırda fəaliyyətini Goranboy Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində davam etdirir:

“Müharibədən əvvəl ordu sıralarında xidmət edirdim. Müharibə başladığı ilk günlərdən isə döyüşlərə qatıldım və Talış-Suqovuşan istiqamətində gedən aktiv döyüşlərdə iştirak etdim. Döyüş əməliyyatlarının birində düşmənin atdığı 120 mm minaatan mərmisinin yanımda partlaması nəticəsində ağır yaralandım. Amma həkimlərimizin səyi nəticəsində həyatda qalmağı bacardım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir