“İran İraqı asanlıqla əldən verməyəcəyindən vəziyyət Suriyadakı çaxnaşmalarla oxşar hal ala bilər. Çünki İran İraq vasitəsilə həm Livana, həm də Suriyaya çıxış və ərəb ölkələrinə təsir baxımından böyük üstünlük təmin edir”.
Bu fikirləri Oxu.Az-a müsahibəsi zamanı Yaxın Şərq Araşdırmaları Mərkəzinin sədri, professor Ahmet Uysal deyib.
Ekspertlə İraqda son günlər kəskinləşən qarşıdurmalar, bunların səbəbləri barədə söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:
– İraqda şiə qruplaşmaları arasında güc qarşıdurması nə ilə nəticələnə bilər? Ümumiyyətlə, şiə müttəfiqləri vasitəsilə İraqda böyük nüfuz sahibi olan İran üçün bu, mənfi hal kimi qiymətləndirilə bilərmi? Bu məsələni necə şərh edərdiniz?
– İraqdakı şiə qrupları üzərində İŞİD-lə mübarizə bəhanəsi ilə İranın çox ciddi təsirləri olub. Sabiq ABŞ prezidenti Barak Obama da İraqı tərk edərkən nüvə sazişini əlində əsas tutaraq İrana yardım edib və beləliklə İranın İraqdakı təsir dairələri sürətlə artıb. Hazırda İranın təsiri altındakı iqtidar partiyaya qarşı həm şiə, həm də digər qruplaşmalarda ciddi etiraz var. Sədr hərəkatı tərəfindən İranın İraqdan geri çəkilməsi tələb olunur. İranın buradan çəkilib-çəkilməyəcəyini demək asan olmasa da, bu yaşananlardan sonra gücü və təsir dairəsi azalacaq. İraqdakı etirazlar İran üçün neqativ qiymətləndirilə bilər.
– Növbəti hökumət hansı qrup tərəfindən qurula bilər?
– Hazırda hökuməti qurmaq məsələsi çox çətindir. Bəlkə, Kazımi (İraqın Baş naziri Mustafa əl-Kazımi – red.) hökuməti ilə bərabər, İraq seçimə gedəcək ki, bu da yenə bir ilə yaxın bir qeyri-müəyyənlik olacağı anlamına gəlir. Böyük ehtimal ki, etiraz aksiyalarından sonra seçim qanunu və s. bu kimi məsələlərdə Sədr hərəkatı ilə digər şiə qruplaşmaları arasında bir uzlaşma ola bilər. Seçimdən İran zəif tərəf kimi çıxarsa, daha təsiredici nəticələr görə bilərik.
– Bəs bu şiə qrupları bir-birindən nə tələb edirlər? Niyə anlaşa bilmirlər?
– İran özünə bağlı şiə qrupları vasitəsilə İraqda bir çox şeyə müdaxilə edir. İqtisadiyyatda korrupsiya davam etməkdədir, problemlər hökm sürür və cəmiyyətdə buna qarşı da mənfi reaksiyalar var. İran tərəfdarı olan şiə qruplaşması hər partiyanın qoşulduğu, lakin özünün üstünlük təşkil etdiyi hökumət qurmaq istəyir. Sədr hərəkatı da kürdləri və sünniləri tərəfinə çəkərək hökumət qurmalı olduğunu bəyan edib. Əslində, uğurlu da olmuşdu, lakin İran tərəfdarı olan partiyalar səsverməyə qoşulmayaraq texniki olaraq buna mane oldular. Buna görə Sədr hərəkatı hiddətləndi və parlamentdə öz deputatlarını istefaya göndərdi. İndi də digər qruplaşmalara hökumət qurmağa imkan vermir.
– Fikir ayrılıqları ölkədə zorakılığın artmasına səbəb olacaqmı?
– Bu qruplaşmalar uzlaşa bilməsələr, məsələ vətəndaş müharibəsinə çevrilə bilər. Bu da İraq üçün əlavə problem deməkdir. İran İraqı asanlıqla əldən verməyəcəyindən vəziyyət Suriyadakı çaxnaşmalarla oxşar hal ala bilər. Çünki İran İraq vasitəsilə həm Livana, həm də Suriyaya çıxış və ərəb ölkələrinə təsir baxımından böyük üstünlük təmin edir. Bütün bunları nəzərə alaraq hər iki tərəfin uzlaşması ən ideal variantdır.
– Bütün bu hadisələr fonunda İraqda yeni bir inqilab dalğası baş verə bilərmi?
– İraqda inqilab və islahat dalğası eyni anda yaşanır. Sədr hərəkatı da “biz islahat inqilabı edəcəyik” deyib. Yəni ciddi bir dəyişiklik olacaq. Lakin iş qarşıdurmaya qədər getsə, bu dəyişiklik qanlı da bitə bilər. Nəzərə alsaq ki, İran bu dəfə İraqdan tamamilə uzaqlaşdırıla bilər, onda bu, həqiqətən, inqilab sayıla bilər. Lakin mən nəticəni bu şəkildə görmürəm. Hər iki tərəf bir-birinin gücünün sərhədlərini yoxlayır. İran dörd-beş qolundan birini fəda edərək ölkədə yenidən güclənə bilər. Yəni anlaşma gözlənilir, çünki olmasa, bu, böyük bir fəlakətlə nəticələnə bilər.
Aysel Aslanqızı