İyulun 5-6 tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun Nazirlər İclası çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahının açılış mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, 2022-ci ildə Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa Akkordu ilə qəbul edilmiş QHGT-nin Nizamnaməsinə uyğun olaraq, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşir.
Açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Qoşulmama Hərəkatının sədrlik üçlüyünün üzvləri qismində Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo Abubaxar və QH gənclərini təmsil edən beynəlxalq tələbələr iştirak ediblər. Rəmzi açılış lenti kəsildikdən sonra qonaqlar mənzil qərargahı və qərargah daxilində təsis olunan QH gənclərinin tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar. Mərkəz QH gənclərinin üzləşdiyi məsələlərin araşdırılması və onların həlli istiqamətində təhlillərin aparılması məqsədi ilə təsis olunub.
Açılış mərasimi QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin nitqi ilə davam edib. Sədr bildirib ki, QHGT-nin mənzil qərargahının yaradılması müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində QH gənclərinin maraqlarını beynəlxalq forumlarda təmsil etmək, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaqdır. Sədrin çıxışından sonra, QHGT-nin 2021-2023-cü illərdə göstərdiyi fəaliyyəti əhatə edən, habelə, QHGT-nin yeni istifadəyə verilmiş veb-saytı haqqında videoçarxlar təqdim olunub. Ardınca, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov öz nitqində QHGT-nin uğurlu fəaliyyətinin QH gənclərinin müasir çağırışlara birgə cavab verməsində əhəmiyyətini vurğulayaraq, mənzil qərargahında çalışan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edib. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən QHGT-nin fəaliyyətinə göstərilən hər cür dəstəyin davam etdiriləcəyini qeyd edib.
Tədbirin sonunda Azərbaycan, Venesuela və Uqanda xarici işlər nazirləri, eləcə də gənclər və idman naziri Fərid Qayıbov QHGT-nin Xatirə Kitabına öz ürək sözlərini yazıblar. Eyni zamanda, qonaqlara QHGT adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hal-hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.