UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı bölməsinin 2023-cü ildə ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyindən bildirilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin sədrlik etdiyi iclasda Qoşulmama Hərəkatının UNESCO yanında üzv ölkələrin daimi nümayəndələri iştirak ediblər.
İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra 2022-ci ilin dekabr ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.
İclasa çıxışçı qismində Səudiyyə Ərəbistanın UNESCO yanında daimi nümayəndəsi Hayfa Al Moqrin, Qabonun UNESCO yanında daimi nümayəndəsi Raşel Anik Oqula Akiko və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev dəvət edilmişdirlər. Hayfa Al Moqrin Səudiyyə Ərəbistanın sədrliyi dövründə Ümumdünya İrs Komitəsinin prioritetləri və tədbirin keçirilməsi ilə bağlı hazırlıq işləri, Raşel Anik Oqula Akiko gender bərabərliyi və çoxtərəfli diplomatiyada qadınların rolu, Yalçın Rəfiyev isə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dönəmindəki fəaliyyəti və Bakıda mart ayında keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə məlumat veriblər.
Tədbirdə həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.
İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif prioritet məsələlərə dair müzakirələrlə davam edib.